Sİ nəhəngləri internet domenləri uğrunda yarışa başlayıb

Sİ nəhəngləri internet domenləri uğrunda yarışa başlayıb

Fərid Əlizadə · Media ·

Süni intellekt bazarının aparıcı şirkətləri yeni internet domenləri uğrunda genişmiqyaslı rəqabətə başlayıb. OpenAI, Google, Meta, Anthropic və Microsoft Sİ ilə əlaqəli ən dəyərli domen uzantılarından bir qismini əldə etmək üçün ICANN-a müraciət edib.

Redaksiya xəbər verir ki, ICANN 2012-ci ildən sonra ilk dəfə yeni yüksək səviyyəli domenlərin genişləndirilməsi proqramı çərçivəsində 481 müraciətçidən ümumilikdə 1 615 ərizə qəbul edib.

OpenAI 15 domen üçün müraciət edib. Bunların arasında .agent, .agi, .asi, .chatgpt, .gpt, .mcp, .model və .openai kimi uzantılar yer alır.

Google isə 39 müraciətlə daha geniş siyahı təqdim edib. Şirkətin istədiyi domenlər arasında .agent, .mcp, .gemini, .deepmind və .api var. Meta 18 domen üçün müraciət edib və .agent, .llama, .metaai və .superintelligence kimi uzantıları əldə etmək istəyir.

Bəzi domenlər üçün rəqabət xüsusilə yüksəkdir. .agent uzantısına 13, .agi domeninə 7, .mcp domeninə isə 5 müraciət daxil olub. Maraqlıdır ki, MCP standartını yaradan Anthropic .mcp üçün müraciət etməyib və yalnız .anthropic və .claude domenlərini istəyib.

Microsoft isə .copilot və .msft domenlərinə müraciət edib. Hər bir ərizənin qiyməti 227 min dollar təşkil edir və eyni domen üçün bir neçə namizəd olduqda yekun qiymət xeyli arta bilər.

Bənzər rəqabətin nə qədər bahalı ola biləcəyinə əvvəlki nümunələr də var. Google vaxtilə .app domen uzantısını əldə etmək üçün 25 milyon dollar ödəyib.

Yeni domenlərin bölüşdürülməsi prosesi bir neçə il davam edə bilər və bəzi müraciətlərin yekunlaşdırılması 2030-cu ilə qədər uzana bilər. Hazırda bu domenlərin heç biri şirkətlərə rəsmi şəkildə verilməyib.