Devlet başçısı cənab İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlərlə Azərbaycanın regional və beynəlxalq səviyyədə tutduğu mövqeyi, bu istiqamətdə apardığı uğurlu siyasətin mahiyyətini ifadə etdi.
Ölkə başçısı cənab İlham Əliyevin bu günlərdə yerli televiziya kanallarına verdiyi müsahibə dövlət siyasətinin əsas istiqamətlərini bir daha aydın şəkildə ortaya qoydu. Möhtərəm Prezidentin müsahibəsində diqqət çəkən məqamlardan biri də milli təhlükəsizlik məsələsi idi. Səsləndirilən fikirlər Azərbaycanın regional və beynəlxalq səviyyədə tutduğu mövqeyi, bu istiqamətdə apardığı uğurlu siyasətin mahiyyətini ifadə etdi. Cənab Prezidentin biz kimlərinsə mənafeyi naminə vətandaşlarımızın həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik fikri dövlətin bütün qərarlarının mərkəzində vətəndaşın təhlükəsizliyinin dayandığını nümayiş etdirir. Bu mənada ölkəmizin istər hərbi, istərsə də siyasi, istərsə də diplomatik müstəvidə atdığı addımların məhz bu prinsipə əsaslandığını və milli maraqlardan kənar hər hansı avantürist yanaşmanı qəti şəkildə istisna etdiyini qətiyyətlə deyə bilərik. Məlum olduğu kimi son illər yerləşdiyimiz materikdə baş verən proseslər göstərir ki, ölkələr öz təhlükəsizlik məsələlərini ciddi nəzərə almalıdırlar. Bəzi dairələrin qeyri-müəyyən təşəbbüslərlə çıxış etmələri, daha çox şəxsi maraqları üstün tutmaları ölkələrdən qarşılıqlı münasibətlərdə daha ehtiyatlı davranmalı olduğunu tələb edir. Dövlət başçısı Azərbaycanın heç vaxt öz vətəndaşlarının həyatını geosiyasi oyunların predmetinə çevirməyəcəyini birmənalı elan etdi. Faktdır ki, Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və bu reallıqlar regionun təhlükəsizlik balansını formalaşdırır. Qalib dövlət olaraq Azərbaycan həm hərbi gücə, həm də siyasi iradəyə malikdir. Ölkəmizin bir daha müharibə etmək istəmədiyini bildirən cənab İlham Əliyevin bu yanaşması, həm də Azərbaycanın sülh gündəliyinə sadiqliyini təsdiqləyir. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, sülh təşəbbüsləri birtərəfli risklər üzərində qurula bilməz.Əgər hansısa təklif və ya mexanizm Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə real risk yaradırsa, belə təşəbbüslər qəti şəkildə rədd edilir. Bu, humanist yanaşma olmaqla yanaşı, güclü və məsuliyyətli dövlət mövqeyidir. Cənab Prezident İlham Əliyevin müsahibəsində toxunduğu bu məsələ eyni zamanda beynəlxalq ictimaiyyətə çağırış idi. Hazırda müharibələrin, siyasi çaxnaşmaların mövcud olduğu dünyamızda Azərbaycan kimi sülhə sadiq olan, qarşlıqlı etimada, inteqrasiyaya açıq ölkələr əsl nümunədir.
Esmira Məmmədzadə;
Neftçala rayonu
