İranlı yüksək vəzifəli mənbə Tehranın Vaşinqtonla razılaşma əldə olunmaması ehtimalına tam hazır olduğunu bildirib.
Redaksiya Tasnim-ə istinadla xəbər verir ki, İran tərəfi ABŞ-la ilkin anlaşma memorandumu üzrə danışıqların davam etməsinə baxmayaraq, prosesin uğursuzluqla nəticələnə biləcəyini də istisna etmir.
Məlumata görə, İran Silahlı Qüvvələri danışıqların nəticəsindən asılı olmayaraq ABŞ və İsrail tərəfindən mümkün hərbi addımlara qarşı tam hazırlıq vəziyyətində qalır.
Tasnim-in yazdığına görə, Tehran hesab edir ki, Vaşinqton razılaşmanın bəzi əsas bəndləri üzrə geri addım atır və bu, prosesin taleyini qeyri-müəyyən edir.
Əsas fikir ayrılıqlarının İranın dondurulmuş aktivlərinin açılması mexanizmi, Livanda atəşkəsin şərtləri, Hörmüz boğazı və sanksiyalarla bağlı olduğu bildirilir.
Reuters də daha əvvəl İran tərəfinin bir sıra mövzularda irəliləyiş olduğunu, lakin yekun razılaşmanın hələ yaxın olmadığını açıqladığını yazmışdı.
Tehran bildirir ki, bütün bəndlər razılaşdırılmadan və təminat altına alınmadan memorandum imzalanmayacaq.
