Taker Karlson ABŞ-ın İrana nüvə zərbəsi endirə biləcəyini iddia edib

Taker Karlson ABŞ-ın İrana nüvə zərbəsi endirə biləcəyini iddia edib

Nizami Salmanov · Media ·

Amerikalı siyasi şərhçi Taker Karlson ABŞ Prezidenti Donald Tramp administrasiyasının yaxın günlərdə İrana nüvə silahı ilə zərbə endirə biləcəyini iddia edib. Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona belə bir əməliyyatın həyata keçirilməsi üçün ciddi təzyiq göstərir. Bu barədə NDTV Profit nəşri Karlsonun açıqlamasına istinadən məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Karlson mümkün hücumun hədəfi kimi İranın mərkəzi hissəsində yerləşən və “Pickaxe Mountain” adı ilə tanınan yeraltı obyekti göstərib.

Şərhçinin iddiasına görə, İsrail kəşfiyyatı İranın həmin obyektdə uranın zənginləşdirilməsi proqramını yenidən başladığını düşünür.

Karlson bildirib ki, obyektin yerin dərinliyində yerləşməsi adi silahlarla onun məhv edilməsini çətinləşdirir. O, bu səbəbdən nüvə silahından istifadənin nəzərdən keçirilə biləcəyini iddia edib.

Siyasi şərhçi məlumatlı mənbəyə istinad edərək Netanyahunun məsələ ilə bağlı Trampa mütəmadi zəng etdiyini də irəli sürüb.

Karlsonun sözlərinə görə, ABŞ Prezidenti nüvə silahından istifadə barədə qərarı noyabrın 7-dək qəbul edə bilər. Bununla belə, o, Trampın hələ tərəddüd etdiyini və diplomatik razılaşmanın mümkünlüyünü müdafiə edən müşavirlərini dinlədiyini bildirib.

Şərhçi xüsusilə ABŞ-ın vitse-prezidenti Cey Di Vens və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoffun İranla razılaşma əldə edilməsini mümkün hesab etdiklərini qeyd edib.

Bundan əvvəl Axios nəşri ABŞ və İsrail rəsmilərinə istinadən Netanyahu ilə Tramp arasında İran məsələsinə dair gərgin telefon danışığı keçirildiyini yazıb.

Məlumata görə, İsrailin Baş naziri ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən dərhal sonra İrana yeni zərbələr endirilməsini istəyir. Tramp isə diplomatik danışıqların davam etdirilməsinə üstünlük verir.

ABŞ Prezidenti daha əvvəl İranın “Pickaxe Mountain” obyektinə mümkün zərbədən danışsa da, bu məqsədlə nüvə silahından istifadə ediləcəyini açıqlamayıb.

ABŞ dövlət katibi Marko Rubio isə İrana qarşı yeni hərbi əməliyyatların başlanması barədə yekun qərarın qəbul edilmədiyini bildirib.

Qeyd edək ki, Karlsonun nüvə zərbəsi ilə bağlı iddiası müstəqil şəkildə təsdiqlənməyib. ABŞ və İsrail rəsmiləri belə bir əməliyyatın hazırlandığını rəsmən açıqlamayıblar.

İran tərəfi də sözügedən obyektdə uranın zənginləşdirilməsi fəaliyyətinin bərpa olunduğuna dair iddiaları rədd edir.