ABŞ-ın birinci xanımı Melaniya Tramp noyabrın 5-də Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə Ağ Evdə görüş keçirəcək. Görüş zamanı Xerson vilayətinin Oleşki şəhərində əldə edilmiş lokal atəşkəs razılaşmasının müzakirəsi gözlənilir. Bu barədə Reuters agentliyi Ağ Evin açıqlamasına istinadən məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Melaniya Tramp görüş çərçivəsində Oleşkidəki atəşkəslə bağlı çıxış edəcək. Ağ Ev nümayəndələrin kimliyi və görüşün ətraflı gündəliyi barədə əlavə məlumat açıqlamayıb.
Qeyd edək ki, oktyabrın 23-də Ağ Ev Melaniya Trampın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Oleşki şəhərində müvəqqəti atəşkəs barədə razılıq əldə olunduğunu elan etmişdi.
Razılaşmanın əsas məqsədi şəhərə humanitar yardımın çatdırılması və mülki sakinlərin təhlükəsiz şəkildə təxliyəsinin təşkil edilməsi idi.
Ağ Evin əvvəlki açıqlamasına görə, Melaniya Tramp və onun nümayəndələri atəşkəsin şərtlərini razılaşdırmaq üçün həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə birbaşa əlaqə saxlayıblar.
Humanitar təşəbbüs çərçivəsində Oleşki sakinlərinə yardım göstərilməsi və şəhərdən ayrılmaq istəyən şəxslərin təxliyəsi nəzərdə tutulub.
Noyabrın 5-də planlaşdırılan görüşün daha geniş sülh danışıqları ilə əlaqələndirilib-əlaqələndirilməyəcəyi isə hələlik məlum deyil.
