ABŞ-da Akton Trampın dəstəklədiyi Vivek Ramasvamini məğlub edib

ABŞ-da Akton Trampın dəstəklədiyi Vivek Ramasvamini məğlub edib

Nizami Salmanov · Media ·

ABŞ-da noyabrın 3-də keçirilən aralıq seçkilərində Demokratlar Partiyasının namizədi Emi Akton Ohayo ştatının qubernatoru seçilib. O, Respublikaçılar Partiyasından olan rəqibi Vivek Ramasvamini məğlub edərək ştat tarixində qubernator vəzifəsinə seçilən ilk qadın olub. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Aktonun qələbəsi Ohayoda uzun müddət davam edən respublikaçıların hakimiyyətinə son qoyur. Demokratlar 2006-cı ildən bəri ilk dəfə ştatın qubernator seçkilərində qalib gəliblər.

60 yaşlı Emi Akton ixtisasca həkimdir. O, COVID-19 pandemiyasının ilk dövründə Ohayo ştatının Səhiyyə Departamentinə rəhbərlik edib və həmin vaxt respublikaçı qubernator Mayk Devinin administrasiyasında çalışıb.

Seçki kampaniyası zamanı Akton əsas diqqəti yaşayış xərclərinin azaldılmasına, səhiyyə xidmətlərinə əlçatanlığın artırılmasına və ailələrə iqtisadi dəstək göstərilməsinə yönəldib.

Onun rəqibi Vivek Ramasvami isə biotexnologiya sahəsində fəaliyyət göstərən sahibkar və 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədliyi uğrunda mübarizə aparmış siyasətçidir.

Ramasvaminin namizədliyini ABŞ Prezidenti Donald Tramp dəstəkləyirdi. Seçki kampaniyası zamanı Tramp və vitse-prezident Cey Di Vens respublikaçı namizədin lehinə çıxış ediblər.

Buna baxmayaraq, demokrat namizəd seçkidə üstünlük qazanıb. ABŞ mediasının açıqladığı nəticələrə əsasən, Akton səslərin təxminən 51 faizini, Ramasvami isə 46 faizini toplayıb.

Emi Akton səlahiyyət müddəti başa çatan respublikaçı qubernator Mayk Devini əvəz edəcək.

Aktonun qələbəsi 2024-cü il prezident seçkilərində Donald Trampın 11 faiz bəndi fərqlə qalib gəldiyi Ohayo ştatında Demokratlar Partiyası üçün mühüm siyasi nəticə hesab olunur.