ABŞ Aerokosmik Agentliyinin (NASA) 2004-cü ildə orbitə buraxdığı Swift kosmik teleskopu 22 illik fəaliyyətindən sonra Yer atmosferinə daxil olaraq yanıb. Təxminən 1,45 ton ağırlığında olan kosmik aparat noyabrın 4-də İndoneziyanın Şimali Sumatra bölgəsi üzərində orbitdən çıxıb. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, ABŞ Kosmik Qüvvələrinin məlumatına əsasən, Swift teleskopu noyabrın 4-də Moskva vaxtı ilə saat 15:39-da Yer atmosferinə daxil olub. Aparat həmin vaxt səs sürətindən təxminən 22 dəfə yüksək sürətlə hərəkət edib.
NASA əvvəlcədən xəbərdarlıq etmişdi ki, kosmik teleskopun böyük hissəsi atmosferdə yanaraq məhv olacaq. Bununla belə, bəzi komponentlərin atmosferə daxilolmadan sonra salamat qalması ehtimalı istisna edilmirdi.
İlkin məlumatlara görə, hadisə nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb.
Swift teleskopu 2004-cü ilin noyabrında kosmosa göndərilib. Onun əsas missiyası kainatın ən güclü enerji hadisələrindən sayılan qamma şüalanması partlayışlarını aşkar etmək və araşdırmaq olub.
Belə partlayışlar fövqəlnova hadisələri və digər yüksək enerjili kosmik proseslərlə əlaqəli ola bilər. Swift bu hadisələri müşahidə etməklə yanaşı, digər teleskopların da onları araşdırması üçün məlumat ötürürdü.
İlkin olaraq cəmi iki il fəaliyyət göstərməsi planlaşdırılan aparat 22 ilə yaxın müddətdə elmi müşahidələr aparıb. Bu dövrdə teleskop qara dəliklər, ulduz partlayışları, qalaktikalar və digər kosmik obyektlər haqqında mühüm məlumatlar toplayıb.
Son illərdə Günəş fəallığının artması Yer atmosferinin yuxarı qatlarında müqaviməti gücləndirib və Swift-in orbitinin tədricən aşağı düşməsini sürətləndirib.
NASA teleskopun fəaliyyət müddətini uzatmaq üçün 2026-cı ilin iyulunda LINK adlı robotlaşdırılmış kosmik aparatı orbitə göndərib. Missiyanın məqsədi Swift-ə yaxınlaşmaq və onun orbitini daha yüksək səviyyəyə qaldırmaq idi.
Lakin LINK aparatının idarəetmə sistemində yaranan problemlər səbəbindən əməliyyat uğursuz başa çatıb.
Oktyabrın 20-də Swift-in uçuş hündürlüyü təxminən 275 kilometrə düşüb. Bundan sonra teleskopun elmi fəaliyyəti dayandırılıb və aparat orbitdən çıxmağa hazırlanıb.
Noyabrın 4-də atmosferə daxil olması ilə Swift teleskopunun təxminən 22 illik kosmik missiyası rəsmən başa çatıb.
