Çexiya şirkəti Soyuq müharibə dövrünün hərbi zavodlarını bərpa edir

Çexiya şirkəti Soyuq müharibə dövrünün hərbi zavodlarını bərpa edir

Nizami Salmanov · Media ·

Çexiyanın Czechoslovak Group (CSG) müdafiə sənayesi holdinqi Avropada partlayıcı maddələrin istehsalını artırmaq üçün Soyuq müharibə dövründə tikilmiş zavodları bərpa etməyi planlaşdırır. Şirkət mövcud müəssisələrin modernləşdirilməsi və fəaliyyətini dayandırmış istehsal obyektlərinin yenidən işə salınması üzərində çalışır. Bu barədə “Rapporteur” nəşri məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, CSG Avropada kimyəvi birləşmələrin, o cümlədən müdafiə sənayesində istifadə olunan partlayıcı maddələrin istehsal gücünü genişləndirməyə başlayıb. Layihələr bir neçə Avropa ölkəsində yerləşən müəssisələri əhatə edir.

Holdinqin xarici əlaqələr üzrə direktoru Yan Hamaçek bildirib ki, planlaşdırılan işlər başa çatdıqdan sonra şirkət Avropanın tələbatının əhəmiyyətli hissəsini qarşılaya biləcək.

“İşlər tamamlandıqdan sonra bu, Avropada əhəmiyyətli istehsal gücü yaradacaq və Avropa istehlakının təxminən üçdəbirini təmin edəcək”, – deyə Hamaçek açıqlayıb.

Şirkətin əsas layihələrindən biri Yunanıstanın Lavrio şəhərində yerləşən zavodda trotil istehsalının bərpasıdır. Bu işlərin Yunanıstanın Hellenic Defence Systems müdafiə şirkəti ilə birgə həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, Almaniyanın Valsrode şəhərində mülki məqsədlər üçün nitrosellüloza istehsal edən müəssisənin hərbi sənayenin ehtiyaclarına uyğunlaşdırılması planlaşdırılır.

CSG həmçinin Almaniyanın Qnaşvits şəhərində partlayıcı maddələr və digər yüksək enerjili materiallar istehsal edən, hazırda fəaliyyətdə olan zavodu satın alıb.

Holdinqin təşəbbüsləri Avropada müdafiə sənayesi üçün lazım olan materialların istehsal imkanlarını artırmağa yönəlib. Bununla belə, zavodların modernləşdirilməsinin tamamlanacağı tarix və layihələrin ümumi investisiya dəyəri barədə məlumat açıqlanmayıb.