Suriya prezidenti 1967-dən bəri ilk dəfə BMT-də çıxış edəcək

Suriya prezidenti 1967-dən bəri ilk dəfə BMT-də çıxış edəcək

Sevinc Kərimova · Siyasət ·

Suriya Prezidenti Əhməd Şara BMT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Nyu-Yorka gəlib. Bu, 1967-ci ildən bəri BMT toplantılarına qatılan ilk suriyalı prezident olacaq. Məlumatı Suriya dövlət agentliyi SANA yayıb.

Redaksiya Reuters-ə istinadla xəbər verir ki, keçmişdə “əl-Qaidə” rəhbərlərindən biri olan və barəsində 10 milyon dollarlıq mükafat təyin edilən Şara may ayında ABŞ Prezidenti Donald Tramp ilə Ər-Riyadda görüş keçirərək mühüm diplomatik uğur qazanıb. Həmin görüşdən sonra Vaşinqton Suriyaya qarşı tətbiq edilən sanksiyaların böyük hissəsini aradan qaldırıb. Tramp administrasiyası Şaranın ölkəni birləşdirmək və sabitləşdirmək cəhdlərinə dəstək verdiyini bəyan edib.

Məlumata görə, Suriya lideri BMT Baş Assambleyasının çərşənbə axşamı açılacaq 80-ci sessiyasında ilk nitqini səsləndirəcək.