Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdən sonra “Sputnik Azərbaycan” informasiya agentliyinin icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.
Redaksiya xəbər verir ki, məlumatı Rusiyanın “Kommersant” nəşrinə prezidentin köməkçisi Yuri Uşakov verib. O, Kartavıxın azad edilməsini “müsbət addım” kimi qiymətləndirib və bu qərarın Moskva ilə Bakı arasında dialoqun bərpası baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Kartavıx bu ilin iyun ayında Bakıda “qanunsuz maliyyələşmə və media fəaliyyəti qaydalarının pozulması” ittihamı ilə saxlanılmışdı. Onun azadlığa buraxılması iki ölkə arasında diplomatik gərginliyin azaldılması istiqamətində atılmış ilk addım hesab olunur.
