SOCAR Özbəkistanda 2 milyard dollarlıq layihədə iştirak edir

SOCAR Özbəkistanda 2 milyard dollarlıq layihədə iştirak edir

Aytac Dəniz · İqtisadiyyat ·


Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf yeni əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər.

Redaksiya Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında ticari-iqtisadi və investisiya tərəfdaşlığının mövcud vəziyyətini, genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Tərəflər xüsusi diqqəti mövcud birgə layihələrin praktiki icrasına, eləcə də yeni perspektivli təşəbbüslərin (energetika və sənaye sahələrində - red.) işlənib hazırlanmasına ayırıblar.

Bundan əlavə, danışıqların yekununda tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsinə, qarşılıqlı ticarətin həcminin artırılmasına və strateji layihələrin sürətli şəkildə irəliləməsinə qarşılıqlı hazır olduqlarını təsdiqləyiblər.

Nazirliyin məlumatına görə, SOCAR Özbəkistanda təxminən 2 milyard ABŞ dolları həcmində investisiya qoyuluşu olan karbohidrogen resurslarının mənimsənilməsi üzrə ("Üstyurt" - red.) layihənin həyata keçirilməsində iştirak edir.

Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" Üstyurt neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişini imzalayıblar.

SOCAR geoloji-kəşfiyyat işlərinin aparılması mərhələsində operator qismində çıxış edəcək. Sazişin şərtlərinə uyğun olaraq, ən azı min kv. km sahədə 3D seysmik kəşfiyyat işlərin aparılması və nəticələrə əsasən bir quyuda geoloji kəşfiyyat işlərinə başlanılması planlaşdırılır.

Proqnozlara görə, "Üstyurt" bloklarında 100 milyon ton neft və 35 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq tapıla bilər. Layihə işə salındıqdan sonra Üstyurt yaylasında ildə 5 milyon ton neft hasil etmək imkanının yaranacağı güman edilir.

Report