İyulun sonuna Azərbaycanda "MasterCard" üzrə əməliyyatların həcmi açıqlanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, cari ilin iyul ayının sonuna Azərbaycanda rezident maliyyə qurumları tərəfindən buraxılmış "MasterCard" kartları (o cümlədən statistik vahidlərin ödəniş kartları) vasitəsilə ümumilikdə 4,738 milyard manat məbləğində 82,914 milyon əməliyyat həyata keçirilib.
Bundan əlavə, AMB-nin məlumatları göstərir ki, ötən ilin iyulu ilə müqayisədə əməliyyatların sayı 4,82 milyon və ya 6,2 faiz artıb, əməliyyatların həcmi isə 424 milyon manat və ya 8,2 faiz azalıb.
Hazırda Azərbaycanda AZQR vahid standartı əsasında QR-ödənişlər sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı yekunlaşdırıblar, funksional imkanlar isə tədricən POS-terminallara və mobil bank tətbiqlərinə inteqrasiya olunur.
"Inkişafın növbəti mərhələsi sərhədkeçid QR-ödənişlərin işə salınması ola bilər. Bunun üçün Azərbaycanın Anında Ödəniş Sisteminin digər ölkələrin analoji sistemləri ilə qarşılıqlı inteqrasiyası imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu tür həllərin tətbiqi üzrə beynəlxalq təcrübəni öyrənir.
Mərkəzi Bankdan vurğulanıb ki, gündəlik pərakəndə hesablaşmalarda QR-ödənişlərin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemin iştirakçısı olan bankların tam uyğunluğunun təmin edilməsi prioritet olaraq qalır", — deyə AMB bildirir.

Azərbaycanda "MasterCard" kartları ilə aparılan əməliyyatların həcmi açıqlandı
Aytac Dəniz · İqtisadiyyat ·