"Azərkosmos"un ixrac gəlirləri artıb

"Azərkosmos"un ixrac gəlirləri artıb

Aytac Dəniz · İqtisadiyyat ·

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") dünyanın 35 ölkəsindən 95-ə yaxın şirkətə 15,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün avqust sayında bildirilib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon manat və ya 50,5% çoxdur.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 62%-ni təşkil edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,9 milyon ABŞ dolları ilə Lüksemburq, 730,3 min ABŞ dolları ilə Türkiyə, 669,3 min ABŞ dolları ilə Pakistan və 382,5 min ABŞ dolları ilə Misir qərarlaşıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.