Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib

Bakı aeroportunda “Elektron qapı sərhəd nəzarəti sistemi” istifadəyə verilib

Aytac Dəniz · İqtisadiyyat ·

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Elektron qapı sərhəd nəzarəti sistemi” (avtomatlaşdırılmış pasport nəzarəti və biometrik identifikasiya sistemi)istifadəyə verilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müasir texnoloji həllər əsasında fəaliyyət göstərən innovativ sistem Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşlarının sərhəd nəzarətindən daha sürətli və rahat şəkildə keçməsinə imkan yaradır.

Elektron qapı vasitəsilə sərhəd nəzarəti prosesi əsas mərhələlər üzrə avtomatlaşdırılmış qaydada həyata keçirilir. Sərnişin şəxsiyyət sənədini müvafiq oxutma qurğusuna təqdim etdikdən sonra sənəddəki məlumatlar sistem tərəfindən avtomatik oxunur, aidiyyəti informasiya sistemləri üzrə zəruri yoxlamalar aparılır və biometrik məlumatlar əsasında şəxsin eyniləşdirilməsi həyata keçirilir.

Bütün məlumatların uyğunluğu təsdiq edildikdə elektron qapı avtomatik açılır və sərnişinin sərhəd nəzarətindən keçidi tamamlanır. Sözügedən proses elektron qapı vasitəsilə təxminən 20 saniyə ərzində həyata keçirilir.

Məlumata görə, sistemin tətbiqi sərhəd nəzarətinin əsas mərhələlərinin avtomatlaşdırılmasına, sərnişinlərin sərhədkeçmə məntəqələrində gözləmə müddətinin azaldılmasına, nəzarət prosedurlarının çevikliyininsəmərəliliyinin yüksəldilməsinə, eləcə də insan amilinin minimuma endirilməsinə şərait yaradır.

Elektron qapı sərhəd nəzarəti sistemi” ilkin mərhələdə Heydər Əliyev Beynəlxalq Hava Limanının ölkəyə gəlmə zalında istifadəyə verilmişdir.

Növbəti mərhələdə sistemin digər dövlət sərhədindən buraxılış məntəqələrində də tətbiqi nəzərdə tutulur. Hazırda sistemin imkanlarının genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Yeni texnologiyanın tətbiqində əsas məqsəd yalnız sərnişinlərin sərhəd nəzarətindən daha sürətli keçirilməsini təmin etmək deyil, eyni zamanda sərnişin məmnuniyyətinin artırılması, sərhəd nəzarətində rəqəmsal texnologiyaların tətbiq dairəsinin genişləndirilməsimüasir tələblərə cavab verən effektiv nəzarət mexanizmlərinin formalaşdırılmasıdır.

Bildirilib ki, bu sistemin tətbiqi Azərbaycanın beynəlxalq hava limanlarında rəqəmsal və innovativ sərhəd nəzarəti infrastrukturunun inkişaf etdirilməsi, qabaqcıl texnologiyaların sərhəd mühafizəsi və sərhəd nəzarəti sahəsinə inteqrasiyası istiqamətində atılan mühüm addımlardan biridir.