Səudiyyə Ərəbistanı Çinin rəqəmsal valyuta layihəsindən çıxıb

Səudiyyə Ərəbistanı Çinin rəqəmsal valyuta layihəsindən çıxıb

Fərid Əlizadə · Media ·

Səudiyyə Ərəbistanı Çin liderliyində yaradılan mBridge transsərhəd rəqəmsal ödəniş layihəsində iştirakını dayandırıb. Platforma mərkəzi banklara rəqəmsal valyutalar vasitəsilə birbaşa hesablaşmalar aparmağa və dollar əsaslı ödəniş infrastrukturlarından asılılığı azaltmağa imkan vermək üçün hazırlanıb. Bu barədə Financial Times qəzeti məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Mərkəzi Bankı layihə çərçivəsində nəzərdə tutulan sınaq mərhələsini 2025-ci ilin mayında tamamladıqdan sonra aktiv iştirakını dayandırıb. Ər-Riyad bu addımın əvvəlcədən müəyyən edilmiş plana uyğun olduğunu və daha geniş geosiyasi nəticələr çıxarmağın düzgün olmadığını bildirib.

Səudiyyə Ərəbistanı mBridge layihəsinə əvvəlcə müşahidəçi kimi qoşulmuş, 2024-cü ildə isə tamhüquqlu iştirakçı olmuşdu. Platformada Çin Xalq Bankı ilə yanaşı, Honq Konq, Tailand və Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi bankları da iştirak edir.

mBridge blokçeyn texnologiyasından istifadə etməklə ölkələr arasında daha sürətli və birbaşa ödənişlərin həyata keçirilməsini nəzərdə tutur. Layihə ənənəvi dollar klirinqi və SWIFT kimi sistemlərdən asılılığı azaltmaq potensialına görə ABŞ və digər Qərb ölkələrinin diqqətində olub.