BMT-nin Ümumdünya Ərzaq Proqramı Yəməndə humanitar yardım əməliyyatlarını genişləndirir. Qurum indiyədək 60 min nəfərə ərzaq yardımı çatdırıb və yüz minlərlə insana əlavə dəstək göstərməyə hazırlaşır. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, ölkədə 18 milyondan çox insan ərzaq təhlükəsizliyi problemi ilə üzləşib, beş yaşadək 2,2 milyon uşağın isə kəskin qidalanma çatışmazlığından əziyyət çəkdiyi bildirilir. Yardım proqramlarının maliyyə çatışmazlığı ilə üzləşdiyi vurğulanır.
Yəməndə son hərbi toqquşmalar nəticəsində yüz mindən çox insanın ölkə daxilində didərgin düşdüyü qeyd olunur. Ərzaq tədarükünün böyük hissəsi idxaldan asılı olduğundan limanların və hava limanlarının fasiləsiz fəaliyyəti humanitar yardım üçün əsas şərt sayılır.
