Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la nüvə enerjisi, mayeləşdirilmiş təbii qaz, mülki aviasiya və yüksək texnologiyalar daxil olmaqla bir sıra strateji sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib.
Redaksiya xəbər verir ki, Ərdoğan Türkiyə ilə ABŞ arasında müdafiə sənayesi üzrə əməkdaşlığın həm ikitərəfli formatda, həm də NATO çərçivəsində daha da inkişaf etdirilməsini istədiklərini deyib.
Türkiyə Prezidenti iki NATO müttəfiqi arasında mövcud olan bəzi siyasi və müdafiə maneələrinin münasibətlərin potensialına uyğun olmadığını vurğulayıb. Onun sözlərinə görə, bu problemlərin aradan qaldırılması strateji tərəfdaşlığın daha sağlam əsasda inkişafına imkan verə bilər.
Ankara və Vaşinqton arasında son illərdə müdafiə sənayesi, silah tədarükü və regional təhlükəsizlik məsələləri üzrə fikir ayrılıqları yaşansa da, tərəflər NATO daxilində əməkdaşlığı davam etdirirlər. Ərdoğan yeni mərhələdə iqtisadi, enerji və müdafiə əlaqələrinin paralel şəkildə genişləndirilməsini hədəflədiklərini bildirib.
