Serbiya hakimiyyəti Rusiya vətəndaşları üçün viza rejiminin tətbiq ediləcəyi barədə yayılan məlumatları təkzib edib. Ölkənin Avropa inteqrasiyası naziri Nemanya Staroviç bildirib ki, belə bir məsələ hazırda ümumiyyətlə nəzərdən keçirilmir.
Redaksiya xəbər verir ki, daha əvvəl Serbiya mediası Staroviçə istinadən Belqradın Rusiya vətəndaşları üçün giriş vizaları tətbiq edə biləcəyini yazmışdı. Nazir sonradan bu məlumatların onun sözlərini düzgün əks etdirmədiyini bildirib.
Staroviç qeyd edib ki, Serbiya Avropa İttifaqına inteqrasiya prosesi çərçivəsində Şengen standartlarına uyğunlaşmaq üçün bütün texniki meyarların yerinə yetirilməsi üzərində işləyəcək. Bununla belə, onun sözlərinə görə, Rusiya vətəndaşlarına viza tətbiq edilməsi hazırda gündəmdə deyil.
Serbiya Xarici İşlər Nazirliyinin qüvvədə olan qaydalarına əsasən, Rusiya vətəndaşları adi pasportla ölkəyə vizasız daxil ola və 30 günədək qala bilirlər.
