“Saxsı” restoranı futbol yarışlarına görə CƏRİMƏLƏNDİ

“Saxsı” restoranı futbol yarışlarına görə CƏRİMƏLƏNDİ

Aytac Dəniz · İqtisadiyyat ·

Bakıda fəaliyyət göstərən “Saxsı” restoranının “Instagram” səhifəsində müəlliflik hüquqları və əlaqəli hüquqlar pozulmaqla futbol oyunlarının nümayişinə dair reklamlar yayımlanıb. 

Bununla bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət daxil olub. 

Müraciətə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 27 ünvanında fəaliyyət göstərən “Saxsı” restoranı ilə bağlı pozuntu müəyyən edilib. 

Məlumata görə, restoranın “saxsilounge” adlı “Instagram” səhifəsinə baxış keçirilərkən müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qanunsuz istifadə olunmaqla futbol oyunlarının kütləvi nümayişinə dair reklamların yayımlandığı aşkarlanıb. Dövlət Agentliyi tərəfindən restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (Reklam haqqında qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edib və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

İş materiallarında olan sənədlərə əsasən, sözügedən reklamlar müxtəlif tarixlərdə keçirilən UEFA Çempionlar Liqası oyunlarına aid olub. Səhifədə oyunlarının nümayiş olunacağı barədə reklamlar yerləşdirilib.

İş materiallarında yer alan məktuba qeyd edilib ki, UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası, UEFA Konfrans Liqası yarışlarının Azərbaycan ərazisində HORECA – otellər, restoranlar, kafelər, publar və digər ictimai iaşə obyektləri – həmçinin Pay-TV seqmentləri üzrə müstəsna yayım hüquqları şirkətlərdən birinə məxsusdur. Məktubda bir sıra ictimai iaşə obyektlərində həmin yarışların şirkətin razılığı və müvafiq lisenziya müqaviləsi olmadan kütləvi nümayiş etdirildiyi bildirilib. 

Məsələnin araşdırılması çərçivəsində təqdim edilmiş videogörüntülərə və digər materiallara da baxış keçirilib. 

Araşdırma zamanı şirkət tərəfindən bir sıra təsərrüfat subyektlərinə, o cümlədən “Saxsı” restoranına pretenziya məktubunun göndərildiyi müəyyən edilib. Buna baxmayaraq, araşdırmaya əsasən restoranın qeyd olunan idman yarışlarını hüquq sahibinin icazəsi və müvafiq lisenziya müqaviləsi olmadan kütləvi nümayiş etdirdiyi müəyyənləşdirilib.

Məhkəmə araşdırması zamanı “Saxsı” restoranının “saxsilounge” adlı “Instagram” səhifəsində hüquq sahibinin icazəsi olmadan və müvafiq qonorar ödənilmədən futbol oyunlarının kütləvi nümayişinə dair reklamların yayımlandığı müəyyən edilib. Məhkəmə hesab edib ki, bununla barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.5-ci maddəsinin tələbləri pozulub.

Məhkəmənin qərarı ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib. Restoran rəhbərliyi barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.

Plat.az