Bakının Formula 1 qazancı: Turistlər pulu nəyə xərcləyir?

Bakının Formula 1 qazancı: Turistlər pulu nəyə xərcləyir?

Aytac Dəniz · İqtisadiyyat ·

Bakıda keçirilən beynəlxalq "Formula 1" yarışı şəhərin restoran, otel və pərakəndə sektorunda xərcləri kəskin artırıb.

Mastercard İqtisadiyyat İnstitutunun təhlilinə əsasən, 2025-ci ildə Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi şəhərin turizm iqtisadiyyatında nəzərəçarpacaq canlanma yaradıb.

“Mastercard”ın ümumiləşdirilmiş və anonim məlumatları əsasında aparılan araşdırmaya görə, yarışdan əvvəl və sonrakı beş gün ərzində xarici turistlərin iaşə və pərakəndə satış sahələrində xərcləri adi dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.

Belə ki, həmin dövrdə qida və restoran sektorunda transsərhəd xərcləri tədbir keçirilmədiyi halda gözlənilən səviyyədən təxminən 170% yüksək olub. Pərakəndə satışda isə artım 94% təşkil edib.

Yarışdan əvvəl Bakıdakı xərclər artmağa başlayıb

Araşdırmaya görə, turist axını yarış həftəsonundan əvvəl də şəhər iqtisadiyyatına təsir göstərib.

Yarışdan əvvəlki üç gün ərzində xarici ziyarətçilərin qida sektorunda xərcləri gözlənilən baza səviyyəsindən 65%, pərakəndə satış xərcləri isə 29% çox olub.

Ən yüksək artım isə yarış günü qeydə alınıb. Həmin gün qida sektorunda xərclər adi göstəricidən 3 dəfədən çox, pərakəndə satış xərcləri isə əvvəlki günlə müqayisədə 154% çox olub.

Formula 1 başa çatdıqdan sonra da turistlərin xərcləri yüksək səviyyədə qalıb. Yarışdan sonrakı gün qida sektorunda xərclər 147%, pərakəndə satışda isə təxminən iki dəfə yüksək olub.

Türkiyədən gələn turistlər lider olub

Araşdırmada qeyd olunur ki, Formula 1 dövründə Azərbaycanda Mastercard kartları ilə həyata keçirilən xarici xərclərin təxminən dörddə biri Türkiyədən gələn turistlərin payına düşüb.

Ən çox xərc edən digər turist qrupları isə Böyük Britaniya (14%), Qazaxıstan (11%) və Birləşmiş Ərəb Əmirliklərindən (6%) gələn ziyarətçilər olub.

Turistlərin xərcləmə istiqamətləri də ölkələr üzrə fərqlənib. Böyük Britaniya, BƏƏ və Almaniyadan gələn qonaqlar daha çox restoran və iaşə obyektlərinə pul xərcləyiblər. Səudiyyə Ərəbistanından gələn turistlərin xərclərində isə yerləşmə xidmətləri daha böyük paya sahib olub.

Belarus, Qazaxıstan və Gürcüstandan gələn ziyarətçilər arasında isə geyim məhsullarına maraq daha yüksək olub.

Formula 1 təkcə yarış deyil, şəhər iqtisadiyyatı üçün əlavə gəlir mənbəyidir

Mastercard İqtisadiyyat İnstitutu bildirib ki, təhlildə tədbirin real təsirini müəyyən etmək üçün xüsusi modelləşdirmə metodundan istifadə olunub. Məqsəd yarış keçirilməsəydi xarici turistlərin xərclərinin hansı səviyyədə olacağını hesablamaq və fərqi müəyyən etmək olub.

Nəticələr göstərir ki, böyük beynəlxalq idman tədbirləri yalnız yarış məkanında deyil, şəhərin restoran, hotel, ticarət və xidmət sektorlarında da əlavə iqtisadi fəallıq yaradır.

Plat.az