“Yelo Bank”da vaxtı keçmiş kreditlərin həcmi ilin ilk yarısında artıb.
Bankın maliyyə hesabatına əsasən, 2026-cı ilin əvvəlinə müştərilərə verilmiş kreditlər üzrə vaxtı keçmiş borcların həcmi 41,21 milyon manat olduğu halda, iyunun sonuna bu göstərici 52,86 milyon manata yüksəlib.
Beləliklə, ilin ilk 6 ayında bankın vaxtı keçmiş kreditləri 11,65 milyon manat və ya 28,3% artıb.
Vaxtı keçmiş kreditlərin kredit portfelində payı da artaraq 3,78%-dən 4,77%-ə yüksəlib.
Ən çox gecikmiş kredit biznes sektorundadır. Sektorlar üzrə bölgüyə görə, vaxtı keçmiş kreditlərin əsas hissəsi biznes kreditlərinin payına düşür.
İlin ilk yarısının sonunda bankın biznes kreditləri üzrə portfeli 673,6 milyon manat təşkil edib. Bu istiqamətdə vaxtı keçmiş kreditlərin həcmi təxminən 34,7 milyon manat olub.
İlin əvvəlində isə biznes kreditləri üzrə gecikmiş borcların həcmi təxminən 27,1 milyon manat təşkil edib. Beləliklə, 6 ay ərzində biznes kreditlərində problemli borclar 7,6 milyon manat artıb.
İstehlak kreditləri üzrə portfel 337,3 milyon manat təşkil edib. Bu sahədə vaxtı keçmiş kreditlərin həcmi ilin əvvəlindəki təxminən 12,5 milyon manatdan iyunun sonuna 18 milyon manata yüksəlib.
Daşınmaz əmlak kreditləri üzrə isə vaxtı keçmiş borcların həcmi daha aşağı olub.
Bankım əlini üzdüyü pullar, yəni 1 ildən artıq gecikən kreditlər isə 15 milyon manata yaxınlaşıb.
Məlumata görə, ilin əvvəlində 1 ildən artıq gecikən kreditlərin həcmi təxminən 14,4 milyon manat olub. Yəni bu kateqoriyada artım məhdud olsa da, vaxtı keçmiş kredit portfelində ən böyük payı qoruyub.
Ümumilikdə, Yelo Bankın kredit portfeli ilin ilk yarısında 1,089 milyard manatdan 1,107 milyard manata yüksəlib. Buna baxmayaraq, vaxtı keçmiş kreditlərin artım tempi kredit portfelinin artım tempini üstələyib.
Qeyd edək ki, Yelo Bank 1994-cü ildə yaradılıb. Bankın nizamnamə kapitalı 378 milyon manat təşkil edir. Bankın əsas səhmdarı Marina Kulişovadır. Onun bankdakı payı 98,94%, İdarə Heyətinin sədri Anar Həsənovun payı 0,96%, “İSR Holdinq” MMC-nin payı isə 0,1% təşkil edir.
