Keçmiş Fransa prezidenti Nikola Sarkozidən ölkənin ən yüksək mükafatı olan “Legion d’honneur” və “Milli Ləyaqət Ordeni” rəsmi şəkildə geri alınıb. Bu barədə Fransa hökumətinin qərarı ölkənin rəsmi qəzetində dərc olunaraq qüvvəyə minib.
Redaksiya xəbər verir ki, qərarın səbəbi, Sarkozinin bir ildən artıq müddətə məhkum olunmasıdır. Fransada qüvvədə olan qanunlara əsasən, bir ildən artıq cəza alan şəxslər dövlət nişanları və ordenləri ilə təltif oluna bilməz. Qeyd edək ki, 2024-cü ilin dekabrında məhkəmənin qərarı ilə Sarkozi ev dustaqlığına məhkum edilmiş və elektron qolbaqla izlənməyə başlanmışdı.
Mükafatların geri alınması, həmçinin Sarkozinin 2007-ci il prezident seçkisi zamanı Liviyadan qanunsuz maliyyə dəstəyi almaqda ittiham edildiyi davam edən başqa bir məhkəmə prosesinin fonunda baş verir. Həmin iş üzrə keçmiş prezidentə qarşı 7 ilədək həbs cəzası istənilir və prosesin sentyabr ayında başa çatacağı gözlənilir.
Fransa prezidenti Emmanuel Makron bu addıma qarşı çıxsa da, qanun tələblərinin icrası məcburi xarakter daşıyır. Beləliklə, Nikola Sarkozi Fransa tarixində Filipp Petaindən sonra ordenləri rəsmi şəkildə əlindən alınan ikinci prezident kimi qeydə alınıb.
Bu hadisə Fransada hüquqi məsuliyyətin və etik standartların ali vəzifə sahibləri üçün belə keçərli olduğunu bir daha təsdiqləyir.
Sevinc Kərimova
