Rusiya hökuməti geniş vergi artımına keçir

Rusiya hökuməti geniş vergi artımına keçir

Nizami Salmanov · Media ·

Rusiya Maliyyə Nazirliyi 2027-ci il və sonrakı iki ili əhatə edən büdcə paketi çərçivəsində vətəndaşlar, investorlar və şirkətlər üçün bir sıra yeni vergi dəyişiklikləri təklif edib. Paketdə passiv gəlirlərin vergiyə cəlb edilməsi, xarici onlayn alışlar, investisiya fondları və hasilat şirkətləri ilə bağlı yeniliklər nəzərdə tutulur. Bu barədə Rusiya Maliyyə Nazirliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, dividendlər, bank əmanətlərindən faiz gəlirləri, qiymətli kağızlarla əməliyyatlar, əmlak satışı və digər passiv gəlirlərin hazırkı 13-15 faizlik rejim əvəzinə ümumi proqressiv gəlir vergisi şkalasına daxil edilməsi təklif olunur. Bu halda vergi dərəcəsi gəlirin həcmindən asılı olaraq 13 faizdən 22 faizə qədər yüksələ bilər. Həmçinin pay investisiya fondlarının passiv gəlirlərinə 15 faiz mənfəət vergisinin tətbiqi təklif edilir.

Digər təklif xarici internet mağazalarından alınan mallara standart 22 faizlik ƏDV-nin tətbiqidir. Vergini alıcının əvəzinə elektron ticarət platformalarının ödəməsi nəzərdə tutulur. Bundan əlavə, qiyməti 200 avroyadək olan xaricdən göndərilən hər poçt bağlaması üçün 100 rubl gömrük yığımının tətbiqi təklif olunub.

Maliyyə Nazirliyi dağ-mədən və metallurgiya sektorundakı bəzi şirkətlər üçün də əlavə vergi mexanizmi təklif edib. Dünya qiymətlərinin 2024-cü illə müqayisədə artması nəticəsində 2025-ci ildə əldə edilən əlavə gəlirin 30 faizinin vergiyə cəlb olunması nəzərdə tutulur. Qızıl hasilatçıları üçün isə bu dərəcənin 20 faiz olması təklif edilir.

Avtomobillər üzrə utilizasiya yığımının da əvvəlcədən təsdiqlənmiş indeksasiya cədvəlinə uyğun olaraq 2027-ci ildən artırılması nəzərdə tutulur. Bununla yanaşı, yerli təyyarələrin alınmasını dəstəkləmək üçün ayrıca avi sərnişin yığımı müzakirə olunur. Təklifə əsasən, daxili reyslərdə sərnişindən 500 rubl, beynəlxalq reyslərdə isə 1000 rubl tutula bilər. Bu ödəniş avtomobillərə tətbiq olunan utilizasiya yığımı deyil.

Rusiyada kommunal xidmət tariflərinin də 1 oktyabr 2026-cı ildən regionlardan asılı olaraq əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Müəyyən edilmiş indekslər əksər regionlarda təxminən 8-20 faiz arasında dəyişir, bəzi ərazilərdə isə artım 22 faizə çata bilər. Vergi paketindəki yeni təkliflər isə hələ qanunvericilik prosedurundan keçməlidir və qüvvəyə minməsi üçün təsdiqlənməsi tələb olunur.