Qrenlandiya və Danimarkada “MAGA” papaqlarıyla simvolik etiraz aksiyası

Qrenlandiya və Danimarkada “MAGA” papaqlarıyla simvolik etiraz aksiyası

Sona Osmanova · Siyasət ·

Qrenlandiya və Danimarkada bir qrup sakin antiamerikan məzmunlu simvolik aksiyaya başlayıb. Onlar ABŞ-da məşhur olan MAGA beysbol papağının dəyişdirilmiş variantını gündəlik geyimdə və ictimai məkanlarda nümayiş etdirirlər.

Redaksiya AP-yə istinadla xəbər verir ki, yeni papaqların üzərində “Make America Go Away” (Amerika getsin) yazısı yer alır və bu ifadə ABŞ siyasətinə etiraz formasında təqdim olunur. Bildirilir ki, aksiyada iştirak edənlər bu yolla Vaşinqtonun son dövrlərdə Qrenlandiya və Avropa ilə bağlı siyasətinə narazılıqlarını ifadə etməyə çalışırlar.

Məlumata görə, papaqlar xüsusilə sosial şəbəkələrdə və ictimai tədbirlərdə diqqət çəkib, qısa müddətdə simvolik etiraz nişanına çevrilib. Aksiya iştirakçıları bunu antiamerikan mövqedən daha çox, konkret siyasi qərarlara qarşı vizual etiraz forması kimi izah edirlər.

Qeyd olunur ki, təşəbbüs həm Qrenlandiyada, həm də Danimarkada müxtəlif reaksiyalar doğurub. Bəzi yerli şərhçilər bunu ifadə azadlığının nümunəsi kimi qiymətləndirir, digərləri isə aksiyanın transatlantik münasibətlərə əlavə gərginlik gətirə biləcəyini bildirirlər.