ABŞ-li milyarder Bill Qeyts Ceffri Epşteynlə görüşməsinin “böyük səhv” olduğunu bildirib.
Redaksiya istinadla xəbər verir ki, Qeyts CNN International-da Anderson Kuperin suallarını cavablandırarkən Epşteynin qlobal səhiyyə layihələri üçün xeyriyyə vəsaiti toplamağa kömək edə biləcəyini düşündüyünü, lakin sonradan bu qərarından peşman olduğunu deyib.
Qeyts Epşteynlə görüşlərini və elektron məktub yazışmalarını yenidən nəzərdən keçirdiyini bildirib. O, aralarında sosial münasibətin olmadığını, Epşteyn vasitəsilə heç bir qadınla tanış olmadığını və onun təşkil etdiyi məclislərlə əlaqəli adaya getmədiyini söyləyib.
Milyarder Epşteynə güvəndiyi üçün üzr istəyib və bu hadisədən dərs çıxardığını vurğulayıb.
Qeytsə Epşteynin 2013-cü ildə hazırladığı, lakin göndərmədiyi bəzi elektron məktub layihələrində ona şantaj etməyi planlaşdırdığına dair iddialar da xatırladılıb. Qeyts belə bir plandan xəbərdar olmadığını və Epşteynin ona heç vaxt şantaj etmədiyini bildirib.
