Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və Rusiya xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqəni “səssiz şəkildə” davam etdirdiyini bildirib. O, bu barədə RBC telekanalına müsahibəsində CIA direktoru Con Retkliffin Moskva səfərini şərh edərkən danışıb.
Redaksiya xəbər verir ki, Lavrov xüsusi xidmət orqanlarının müəyyən qaydalar əsasında bir-biri ilə əlaqə saxladığını və bunda qeyri-adi heç nə olmadığını deyib. O, Retkliffin keçirdiyi görüşlərdə şəxsən iştirak etmədiyini də bildirib.
Lavrov CIA rəhbəri ilə Vatikanın diplomatik xidmətinin yüksək səviyyəli nümayəndəsinin eyni vaxtda Rusiyaya səfər etməsini Moskva ilə birbaşa danışmaq istəyi ilə izah edib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Vatikanın beynəlxalq münasibətlər üzrə katibi Pol Riçard Qallaher Moskvadakı danışıqlar zamanı Rusiya və Ukrayna arasında humanitar məsələlər üzrə təmasların qurulmasına yardım göstərməyə hazır olduğunu bildirib.
CIA direktoru Con Retkliff avqustun 25-də Moskvaya səfər edib. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl səfərin Rusiya və ABŞ xüsusi xidmət orqanları arasındakı təmaslarla əlaqəli olduğunu bildirmişdi.
