Qətərin paytaxtı Dohada baş verən hücumun ardından bölgədə diplomatik təmaslar intensivləşib. Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan ilə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani arasında telefon danışığı baş tutub. Görüşdə İsrailin hücumu müzakirə olunub, Qətərin təhlükəsizliyi və bölgədə sülhün bərpası üçün atılacaq ortaq addımlar dəyərləndirilib.
Redaksiya xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi də bəyanatla çıxış edərək “İsrailin hücumunu qətiyyətlə pislədiklərini” bildirib və Qətərin yanında olduqlarını vurğulayıb.
Avropa İttifaqı rəsmiləri isə İsrailin hücumlarını “Qətərin ərazi bütövlüyünün açıq-aşkar pozulması” kimi qiymətləndirib və Qətər xalqı ilə həmrəy olduqlarını açıqlayıblar.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ABŞ Prezidenti Donald Trampa ünvanladığı mesajında “Qətər dostlarının yanında olmağa və haqlı davaları dəstəkləməyə davam edəcək” deyib. Əlavə olaraq, ölkəsinin suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atacağını vurğulayıb.
Ağ Ev isə hücumla bağlı açıqlamasında, İsrailin Qətərə qarşı hava zərbələrinin nə İsrailin, nə də hazırkı ABŞ prezidenti Donald Tramp administrasiyasının maraqlarına xidmət etmədiyini bildirib. Ağ Ev həmçinin Trampın Qətərli rəsmilərə oxşar bir hücumun təkrarlanmayacağına dair təminat verdiyini vurğulayıb.
Qətər tərəfi isə ABŞ-ın hücumdan əvvəl hər hansı məlumat verdiyi barədə iddiaları rədd edib. Regiondakı vəziyyətlə bağlı beynəlxalq reaksiyalar davam edir.
