Putin qatılmayacaq, Tramp da gəlmir, Zelenski artıq Ankaraya endi

Putin qatılmayacaq, Tramp da gəlmir, Zelenski artıq Ankaraya endi

Sevinc Kərimova · Siyasət ·

Rusiya və Ukrayna arasında bugün İstanbulda keçiriləcək atəşkəs və sülhə dair müzakirələrin yeni mərhələsi üçün planlaşdırılan görüş ərəfəsində diplomatik səhnədə önəmli dəyişikliklər baş verib.

Redaksiya Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kreml bir neçə dəqiqə əvvəl rəsmi şəkildə bəyan edib ki, Prezident Vladimir Putin İstanbulda keçiriləcək sülh görüşmələrində iştirak etməyəcək. Halbuki, son günlər ərzində onun qatılacağına dair müəyyən ümidlər vardı. Məhz bu ehtimallar fonunda ABŞ Prezidenti Donald Trampın da görüşə qatılma ehtimalı gündəmdə idi.

Lakin Putinin iştirak etməyəcəyi rəsmi olaraq təsdiqləndikdən qısa müddət sonra Tramp da görüşə qatılmayacağını açıqlayıb. Bu ardıcıllıq ekspertlər tərəfindən Trampın qərarının Moskvanın mövqeyi ilə əlaqəli olduğu ehtimalı kimi qiymətləndirilir.

Danışıqlar təşəbbüsü ilk dəfə Rusiya Prezidenti tərəfindən 10 may tarixində, gecə saatlarında keçirilən mətbuat konfransında irəli sürülmüşdü. Putin, sülhün diplomatik yollarla bərpa olunmasının mümkünlüyünü bildirmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski isə artıq Ankaraya enib. Onun danışıqlarda şəxsən iştirak etməyəcəyi, lakin prezident Ərdoğanla rəsmi görüş keçirəcəyi deyilir.

İstanbuldakı görüşdə Rusiya tərəfini Vladimir Medinskiy təmsil edəcək – o, 2022-ci ildəki sülh danışıqlarında da Rusiya heyətinə rəhbərlik etmişdi.

Türkiyədə mayın 15-də keçiriləcək görüşlər regionda yeni diplomatik səhifə açmaq potensialına malikdir. ABŞ və Rusiya prezidentlərinin iştirak etməməsinə baxmayaraq, prosesin özəyi qorunur və beynəlxalq ictimaiyyət diqqətlə bu təşəbbüsün nəticələrini izləyir.

Sevinc Kərimova