9 May Qələbə Gününün 80-ci ildönümündə Rusiya Prezidenti Vladimir Putin, Kremlin mətbuat xidmətinin gecə saatlarında yaydığı bəyanatla Ukrayna münaqişəsi, Avropa ilə münasibətlər və sülh təşəbbüsləri barədə mühüm açıqlamalar verib. Bu, Rusiya tarixində ilk dəfə gecə saatlarında mətbuata verilən prezident bəyanatı kimi qiymətləndirilir. Prezidentin mətbuat katibi Dmitri Peskov əvvəlcədən bildirmişdi ki, gecə saatları olduğu üçün sual qəbul edilməyəcək və yalnız açıqlama veriləcək.
Redaksiya Kremlinə istinadla xəbər verir ki, Putin bəyanatında vurğulayıb ki, Rusiya, qarşısına çıxan bütün təzyiqlərə baxmayaraq, konstruktiv münasibətlərin bərpasına ümid edir. O, Qələbə bayramı münasibətilə Moskvaya gələn bir sıra Avropa liderlərinin mövqeyini “cəsarətli addım” kimi qiymətləndirib.
Ukrayna ilə bağlı danışan Putin bildirib ki, Rusiya birbaşa və şərtsiz danışıqlara başlamağa hazırdır və bu təşəbbüsün 15 may tarixində İstanbulda keçirilməsi təklif olunur. Ankaranın vasitəçi rolu xüsusi qeyd edilib və prezident Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla sabah bu barədə danışacaqlarını deyib.
O, həmçinin Rusiya tərəfindən müharibə zamanı dəfələrlə atəşkəs təşəbbüsləri irəli sürüldüyünü, lakin Kiyev tərəfindən cavabsız qoyulduğunu və bəzi hallarda atəşkəs müddətində Rusiya obyektlərinə hücumların həyata keçirildiyini bildirib. Məlumata görə, yalnız son üç gündə Ukrayna tərəfi 5 dəfə Rusiya sərhədinə hücum cəhdi edib.
Putin, həmçinin qeyd edib ki, Moskva əgər müsbət cavab alarsa, Qələbə Günü münasibətilə elan etdiyi atəşkəs müddətini uzatmağa hazırdır.
Sonda Rusiya Prezidenti ABŞ prezidenti Donald Trampın administrasiyası da daxil olmaqla, vasitəçilik səylərinə görə beynəlxalq tərəfdaşlara təşəkkürünü bildirib. O vurğulayıb: “Təklifimiz masadadır. Qərar indi Kiyev və onu dəstəkləyən qüvvələrin əlindədir.”
Sevinc Kərimova
