Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri ilə mümkün hərbi qarşıdurma barədə danışaraq Moskvanın müharibəyə hazır olduğunu, lakin belə bir qarşıdurma istəmədiyini bildirib. O, vəziyyətin genişmiqyaslı müharibəyə çevriləcəyi təqdirdə qalib tərəfin olmayacağı barədə xəbərdarlıq edib. Bu barədə “Meduza” nəşri məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Putin Rusiya–Afrika sammitindən sonra keçirdiyi mətbuat konfransında Avropada 2030-cu ilə qədər mümkün müharibəyə hazırlıqla bağlı səsləndirilən bəyanatlara münasibət bildirib.
“Bir çoxları 2030-cu ilə qədər müharibəyə hazırlaşmaqdan danışır. İlk növbədə, biz hazırıq, amma Avropa ilə müharibə etmək istəmirik. Əgər onlar hazırlaşmaq istəyirlərsə, qoy hazırlaşsınlar”, – deyə Rusiya Prezidenti bildirib.
Putin hərbi qarşıdurmanın daha geniş miqyas almasının bütün tərəflər üçün ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
“Lakin vəziyyət həddindən artıq gərginləşərsə, heç bir qalib olmayacaq. Bunu heç kim unutmamalıdır”, – deyə o xəbərdarlıq edib.
Rusiya lideri ölkəsinin Birinci və İkinci Dünya müharibələrinin nəticələrini yaxşı xatırladığını və oxşar hadisələrin təkrarlanmaması üçün çalışdığını söyləyib.
Putin həmçinin Moskvanın Avropa ölkələri ilə münasibətlərin bərpasına yönəlmiş addımları dəstəklədiyini bildirib. Onun sözlərinə görə, Rusiya həm Avropa İttifaqı, həm də ayrı-ayrı Avropa dövlətləri ilə dialoqun bərpasına açıqdır.
Rusiya Prezidentinin açıqlaması Moskva ilə Avropa ölkələri arasında Ukraynadakı müharibə və regional təhlükəsizlik məsələləri üzrə ciddi fikir ayrılıqlarının davam etdiyi dövrə təsadüf edir.
