Trampa İrana mümkün hücum variantları təqdim olunub

Trampa İrana mümkün hücum variantları təqdim olunub

Nizami Salmanov · Media ·

ABŞ Prezidenti Donald Trampa İrana qarşı mümkün hərbi hücum variantları barədə məlumat verilib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Ağ Evdə keçirilən görüşdə İran əleyhinə potensial hərbi əməliyyatların müxtəlif ssenarilərini təqdim edib. Bu barədə “The Wall Street Journal” nəşri amerikalı rəsmilərə və görüş barədə məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, görüşdə ABŞ-ın müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və administrasiyanın digər yüksək vəzifəli nümayəndələri də iştirak ediblər.

Məlumata görə, admiral Bred Kuper İrana qarşı mümkün hərbi əməliyyatların variantlarını birbaşa prezidentə təqdim edib. Belə yüksək səviyyəli hərbi komandanın Ağ Evdə şəxsən məruzə ilə çıxış etməsi nadir hadisə kimi qiymətləndirilir.

Görüş ABŞ administrasiyasının İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası imkanlarını nəzərdən keçirdiyi bir dövrə təsadüf edir.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton son həftələr Yaxın Şərqdə hərbi hazırlıqlarını gücləndirib. Regiona əlavə hava hücumundan müdafiə sistemləri, sursat və digər hərbi təchizat göndərilib.

Bununla yanaşı, İranın mümkün cavab zərbələri nəzərə alınaraq bəzi amerikalı hərbçilərin daha həssas hərbi bazalardan çıxarıldığı bildirilir.

ABŞ-ın İsrailə əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşdığı da qeyd olunur.

İran isə ABŞ-ın yeni hərbi hücumuna cavab veriləcəyi barədə xəbərdarlıq edib. Tehran mümkün zərbələrə qarşı regiondakı Amerika hərbi obyektlərini hədəfə ala biləcəyini bildirib.

Hərbi hazırlıqlarla paralel olaraq Vaşinqton və Tehran arasında diplomatik təmasların bərpası imkanları da müzakirə olunur.

Bununla belə, Trampın İrana qarşı yeni hərbi əməliyyatın başlanmasına dair yekun qərar qəbul etdiyi barədə məlumat yoxdur. Ağ Evdə keçirilən müşavirə mümkün ssenarilərin nəzərdən keçirilməsi mərhələsi kimi qiymətləndirilir.