Pentaqonun böyük onlayn auditoriyaya malik bir neçə konservativ hərbi veteran influenseri açıqlanmayan mülki dövlət vəzifələrinə cəlb etdiyi bildirilir. Bu barədə The Washington Post məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, həmin şəxslərin sosial şəbəkələrdə müdafiə naziri Pit Heqsetin və Donald Tramp administrasiyasının mövqelərini fəal şəkildə dəstəklədiyi, eyni zamanda tənqidçilərə qarşı sərt çıxışlar etdiyi qeyd olunur.
Daxili məlumatlara görə, istefada olan polkovniklər Rob Meness və Kurt Şlixter Pentaqonda personal və döyüş hazırlığı üzrə rəhbər Entoni Tatanın tabeliyində mülki əməkdaş kimi qeydiyyatdadırlar. Onların rəsmi elektron poçt ünvanlarında hərbçi və ya podratçı deyil, mülki dövlət əməkdaşı olduqlarını göstərən “.civ” işarəsi yer alır.
İstefada olan ordu polkovniki Tomas Andersonun da ilin əvvəlində Pentaqon sənədlərində mülki əməkdaş kimi göstərildiyi bildirilir. O, sosial mediada “Cynical Publius” təxəllüsü ilə fəaliyyət göstərir. Daha sonra onun adının Pentaqon məlumat bazasından çıxarıldığı qeyd olunur.
Nəşrin məlumatına görə, bu şəxslər dövlətlə əlaqəli vəzifələrini açıqlamadan Heqsetin siyasətini müdafiə edib, hərbi təhsil sistemində ideoloji dəyişiklikləri dəstəkləyib və İrana qarşı hərbi əməliyyatları müsbət qiymətləndiriblər.
Məsələ Pentaqonun dövlət vəsaiti hesabına çalışan influenserlərin siyasi kommunikasiya üçün istifadə edilib-edilməməsi və onların vəzifələrinin ictimaiyyətə niyə açıqlanmadığı ilə bağlı suallar yaradıb.
