İran və ABŞ rəsmiləri Tehranın nüvə proqramının son vəziyyəti ilə bağlı fərqli bəyanatlar verib.
Redaksiya xəbər verir ki, İran Atom Enerjisi Təşkilatı açıqlamasında bildirib: “Nüvə proqramımız qaldığı yerdən, heç bir kəsinti olmadan davam edəcək. Yenidən tam gücü ilə başlatmağa tam hazırıq.”
Digər tərəfdən, CNN-ə danışan ABŞ rəsmiləri İranın hücumlarda hədəf alınmayan və hələ də fəaliyyət göstərən gizli nüvə obyektlərinə sahib olduğunu düşünür.
Pentagonun ilkin dəyərləndirməsinə görə, İranın nüvə proqramını tamamilə sıradan çıxarmaq mümkün olmayıb. CNN-in əldə etdiyi məlumatlara əsasən, son hava zərbələrindən sonra aparılan təhlillər göstərir ki, İranın zənginləşdirilmiş uran ehtiyatları məhv edilməyib və sentrifuqa qurğularının əksəriyyəti fəaliyyətini davam etdirir.
Xüsusilə Fordo və Natanz kimi yüksək təhlükəsizlikli yeraltı obyektlərdə yerləşən qabaqcıl sentrifuqa sistemlərinin gözlənilənin əksinə olaraq işə yaradığı bildirilir.
Hücum sonrası yayımlanan peyk görüntüləri və kəşfiyyat hesabatları İranın nüvə imkanlarının ciddi zəiflədilə bilmədiyini təsdiqləyir.
Pentagon rəsmiləri isə əlavə edib ki, proses davam edir və daha ətraflı texniki təhlillər olmadan qəti nəticə çıxarmaq tezdir.
Sevinc Kərimova
