Pakistanın Baş naziri Şahbaz Şərif Google-un İslamabadda ilk tammiqyaslı korporativ ofisinin açılışını edib. Yeni ofis rəqəmsal bacarıqlar, bulud texnologiyaları, süni intellekt və startapların dəstəklənməsi istiqamətlərinə fokuslanacaq.
Redaksiya xəbər verir ki, Google-un Pakistan bazarındakı genişlənməsi ABŞ və Çin texnologiya şirkətləri arasında ölkənin rəqəmsal gələcəyi uğrunda rəqabətin yeni mərhələsi kimi qiymətləndirilir. Şirkətin platformalarının Pakistanda 14 milyard dollardan çox iqtisadi fəaliyyət yaratdığı bildirilir.
Təşəbbüs çərçivəsində pakistanlı tələbələrə bir il müddətinə pulsuz Gemini abunəliyinin təqdim olunması planlaşdırılır. Bu addım Google-un ölkədə gələcək istifadəçi bazasını genişləndirmək strategiyasının bir hissəsi hesab olunur.
Pakistan hökuməti ölkəni böyük İT mərkəzinə çevirməyi və texnologiya ixracını 30 milyard dollara çatdırmağı hədəfləyir. Gənc, ingilisdilli əhali və nisbətən aşağı əmək xərcləri Pakistanı beynəlxalq texnologiya və autsorsinq şirkətləri üçün cəlbedici bazara çevirir.
Çin isə Pakistanın texnologiya sektorunda artıq geniş mövqelərə malikdir. CPEC 2.0 çərçivəsində əməkdaşlıq rəqəmsal transformasiya, süni intellekt və bulud texnologiyalarına doğru genişlənib. Şahbaz Şərifin 2026-cı ilin mayında Çinə səfəri zamanı Alibaba Group ilə elektron ticarət və rəqəmsal ödənişlərin inkişafına dair 1,22 milyard dollarlıq yeni razılaşmaların imzalandığı bildirilir.
Huawei Pakistanın telekommunikasiya infrastrukturunda, Alibaba isə elektron ticarət və maliyyə texnologiyalarında mühüm mövqelərə sahibdir. Çin şirkətləri eyni zamanda Safe City layihələri və digər dövlət infrastrukturu proqramlarında avadanlıq və texnologiya təminatında iştirak edirlər.
Google-un yeni ofisi isə ABŞ texnologiya ekosisteminin Pakistan bazarında mövqelərini gücləndirmək və Çin şirkətlərinin uzun illər ərzində formalaşdırdığı təsirə alternativ yaratmaq cəhdi kimi təqdim olunur.
