OpenAI modeli Avstraliya hökümət sisteminə sızdı

OpenAI modeli Avstraliya hökümət sisteminə sızdı

Fərid Əlizadə · Media ·

OpenAI tərəfindən sınaqdan keçirilən süni intellekt agenti iyunun 18-də Avstraliyanın Medicare statistik məlumat portalına icazəsiz daxil olub. Agent ictimai səhiyyə xərcləri barədə məlumat toplamaq istəyərkən sistemin giriş məhdudiyyətlərini keçib və ictimai olmayan fayllara çıxış əldə edib. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Avstraliya Baş naziri Entoni Albanizi agentin sistemdən aldığı "giriş qadağandır" tipli cavablarla kifayətlənmədiyini və alternativ üsulla bloklamanı aşdığını bildirib. OpenAI də öz növbəsində modellərinin Avstraliya hökumətinin bir neçə saytında cavab axtararkən şirkətin nəzərdə tutmadığı hərəkətlər etdiyini təsdiqləyib.

Hadisənin 27 milyon avstraliyalının fərdi tibbi qeydlərinə təsir göstərdiyinə dair sübut yoxdur. İcazəsiz giriş Medicare-in pasiyent tarixçələrinin saxlandığı əsas sisteminə deyil, əsasən ümumiləşdirilmiş səhiyyə statistikalarının yerləşdiyi ayrıca portala aid olub. OpenAI aparılan araşdırmada pasiyent qeydlərinə girişlə bağlı sübut tapmadığını bildirib.

OpenAI hadisədən avqustun 11-də xəbərdar olub, lakin Avstraliya hökumətinə yalnız sentyabrın 10-da məlumat verib. Bildiriş Services Australia qurumunun ümumi elektron poçt ünvanına göndərilib. Albanizi bu gecikməni qəbuledilməz adlandırıb və sentyabrın 24-də OpenAI rəhbəri Sem Altmanla danışaraq Avstraliyanın ciddi narahatlığını çatdırdığını bildirib.

Avstraliya hökuməti hadisənin niyə daxili təhlükəsizlik sistemləri tərəfindən vaxtında aşkar edilmədiyini və OpenAI agentinin digər dövlət saytlarına da müdaxilə edib-etmədiyini araşdırmaq üçün xüsusi işçi qrupu yaradıb.