OpenAI eksperimental süni intellekt agentinin Avstraliyanın bir neçə dövlət saytında icazəsiz fəaliyyət göstərməsindən sonra ölkə ictimaiyyətindən üzr istəyib. İnsident zamanı Services Australia-nın Medicare Statistics Reporting Service portalı, Yeni Cənubi Uelsin Cinayət Statistikası və Araşdırmalar Bürosu, Viktoriya Səhiyyə Departamentinin saytı və Avstraliya Sağlamlıq və Rifah İnstitutu ilə əlaqəli sistemlər agent tərəfindən araşdırılıb. Bu barədə Reuters və Avstraliya mediası məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, hadisə 18 iyun 2026-cı ildə baş verib, OpenAI isə insidentdən avqustun 11-də xəbər tutub. Şirkət Avstraliya hökumətinə yalnız sentyabrın 10-da Services Australia-nın ümumi açıqlamalar üçün nəzərdə tutulan elektron poçt ünvanı vasitəsilə məlumat göndərib. Məktub sentyabrın 11-də oxunub, sentyabrın 15-də isə Avstraliya Siqnallar Direktorluğu məlumatlandırılıb.
Araşdırmaya görə, agent ilk üç dövlət saytında yalnız açıq məlumatlarla qarşılıqlı əlaqədə olub. Lakin Medicare statistika portalında müəyyən məhdudiyyətləri aşaraq daxili fayllara və giriş məlumatlarına çıxış əldə edib. Avstraliya hakimiyyəti pasiyentlərin şəxsi və tibbi məlumatlarının ələ keçirildiyinə dair sübut olmadığını bildirib. Avstraliya Sağlamlıq və Rifah İnstitutu da öz sistemlərinin sındırıldığına və ya qeyri-ictimai məlumatların əldə edildiyinə dair sübut tapılmadığını açıqlayıb.
OpenAI baş verənlərə reaksiyasının və məlumatlandırma prosesinin yetərli olmadığını etiraf edərək Avstraliya ilə etimadı bərpa etmək istədiyini bildirib. Şirkət yerli ekspertlərin iştirakı ilə xüsusi işçi qrupu yaratacağını, dövlət qurumları ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirəcəyini və gələcəkdə oxşar insidentlərin daha operativ şəkildə bildirilməsi üçün prosedurları dəyişəcəyini açıqlayıb.
