Hakan Fidan BƏƏ Prezidenti ilə regional məsələləri müzakirə edib

Hakan Fidan BƏƏ Prezidenti ilə regional məsələləri müzakirə edib

Sevinc Kərimova · Media ·

Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. Tərəflər iki ölkə arasında əməkdaşlığın inkişafı, eləcə də Yaxın Şərqdə təhlükəsizlik, sabitlik və davamlı sülhün təmin olunması istiqamətində atılan addımları müzakirə ediblər. Bu barədə BƏƏ-nin rəsmi WAM agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Hakan Fidan görüşdən sonra səfərin Türkiyə ilə BƏƏ arasındakı münasibətlərin və region qarşısında duran çağırışların müzakirəsi baxımından son dərəcə məhsuldar keçdiyini bildirib. Türkiyə XİN rəhbəri Ankaranın regional həmrəyliyi gücləndirməyə və bölgədə sülh və rifahın təmin olunması üçün diplomatik səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb.

Görüş zamanı Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını BƏƏ Prezidentinə çatdırıb. Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da öz növbəsində Ərdoğana salamlarını və Türkiyə xalqına inkişaf arzularını çatdırmasını istəyib.

Tərəflər ikitərəfli münasibətlərlə yanaşı, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri də nəzərdən keçiriblər. Xüsusilə Yaxın Şərqdə davam edən proseslər və bölgədə uzunmüddətli sülhün təşviqi üçün əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.