ABŞ-İran danışıqları dalana dirənib

ABŞ-İran danışıqları dalana dirənib

Könül Məmmədova · Media ·

Qətərin vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan dolayı danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Tərəflərin əsas tələblərindən geri çəkilməməsi fonunda hərbi əməliyyatların yenidən genişlənə biləcəyi ilə bağlı narahatlıq artır. Bu barədə Axios məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Qətər vasitəçiləri İranın ABŞ-ın dəniz blokadasını aradan qaldırması tələbi ilə Vaşinqtonun nüvə proqramı üzrə güzəştlər tələbini vahid razılaşmada birləşdirməyə çalışıblar. Lakin Tehran bildirib ki, nüvə proqramı ilə bağlı addımları yalnız ABŞ iyunda əldə edilmiş anlaşma memorandumuna qayıdacağı halda nəzərdən keçirə bilər.

Axios-un mənbələrinə görə, Qətər nümayəndəsi Əli əl-Səvadi Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi ilə bir neçə saat danışıqlar aparsa da, tərəflərin mövqelərində yaxınlaşma baş verməyib. Mənbələrdən biri danışıqların hazırda dalana dirəndiyini bildirib.

ABŞ rəsmiləri əvvəlcə Prezident Donald Trampın İranın nüvə proqramı üzrə konkret güzəştlər müqabilində sanksiyaların yumşaldılmasına və dondurulmuş İran vəsaitlərinin açılmasına hazır olduğunu bildirmişdilər. Lakin Tramp daha sonra belə bir təklif vermədiyini açıqlayıb və İrana heç nə təklif etmədiyini bildirib.

Tramp eyni zamanda İranın sonda geri çəkiləcəyini və nüvə silahına sahib olmayacağını deyib. Tehran isə nüvə proqramından birtərəfli qaydada imtina etməyəcəyini və danışıqların yalnız qarşılıqlı şərtlər əsasında davam etdirilə biləcəyini bildirir.