ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasına miqrantların mənşə ölkələrindən fərqli olan üçüncü ölkələrə sürətlə deportasiyasını bərpa etməyə müvəqqəti icazə verib. Qərarla aşağı instansiya məhkəməsinin belə deportasiyaları məhdudlaşdıran hökmünün icrası dayandırılıb. Bu barədə Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Ali Məhkəmə Ədliyyə Nazirliyinin təcili müraciətini təmin edib. Nəticədə deportasiya edilən şəxslərin göndəriləcəkləri ölkədə təqib, işgəncə və ya digər təhlükələrlə üzləşə biləcəkləri barədə əvvəlcədən etiraz etmək imkanını tələb edən məhdudiyyətlər müvəqqəti olaraq aradan qaldırılıb. Məhkəmə məsələnin mahiyyəti üzrə dinləmələri dekabrda keçirəcək.
Reuters-in məlumatına görə, 2025-ci ildən bəri 25 mindən çox miqrant üçüncü ölkələrə deportasiya edilib və onların böyük əksəriyyəti Meksikaya göndərilib. ABŞ administrasiyası, həmçinin Cənubi Sudan, Uqanda, Ekvatorial Qvineya, Liberiya və digər ölkələrlə də bu cür deportasiya mexanizmlərindən istifadə edib.
Tramp administrasiyası üçüncü ölkələrə deportasiyanı xüsusilə mənşə dövlətlərinin həmin şəxsləri qəbul etməkdən imtina etdiyi hallarda vacib vasitə kimi təqdim edir. Miqrant hüquqları müdafiəçiləri isə belə praktikanın prosedur təminatlarını zəiflədə və deportasiya olunan şəxsləri təhlükəli şəraitlə üz-üzə qoya biləcəyini bildirirlər.
