ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə ölkənin süni intellekt siyasətinə cavabdeh yeni yüksəkvəzifəli şəxsin təyin ediləcəyini bildirib. Tramp vəzifənin səlahiyyətlərini hələ açıqlamayıb, lakin daha əvvəl ayrıca Sİ qüvvəsinin yaradılacağını da elan etmişdi. Bu barədə Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Tramp Ağ Evdə texnologiya şirkətlərinin rəhbərləri ilə görüşdən sonra Sİ sahəsində özünütənzimləmənin böyük rol oynayacağını deyib. O, eyni zamanda təxminən 10 nəfərdən ibarət komitənin yaradılması imkanının nəzərdən keçirildiyini bildirib. Prezidentin sözlərinə görə, belə bir qurum Sİ sektorundakı fəaliyyətə nəzarət edə bilər.
Tramp administrasiyası hazırda süni intellekt sahəsində sərt dövlət tənzimləmələrindən daha çox könüllü standartlara və şirkətlərin daxili nəzarət mexanizmlərinə üstünlük verir. Sentyabrın 29-da aparıcı texnologiya şirkətlərinin rəhbərləri Ağ Evdə Sİ təhlükəsizliyi üzrə könüllü razılaşmaya qoşulublar. Sənəd hüquqi baxımdan məcburi deyil.
ABŞ Prezidenti ölkəsinin Sİ sahəsində qlobal liderliyini qoruyacağını və Çinlə rəqabətdə geri qalmayacağını bildirib. Ağ Ev də rəsmi texnologiya siyasətində ABŞ-ın Sİ sahəsində dünya liderliyini saxlamağı əsas hədəflərdən biri kimi göstərir.
Trampın təqdim etdiyi America.gov platforması isə federal dövlət xidmətləri üçün vahid rəqəmsal giriş nöqtəsi kimi yaradılıb. Platformada istifadəçilərin dövlət xidmətləri barədə suallara cavab alması və mümkün hallarda müəyyən əməliyyatları birbaşa həyata keçirməsi nəzərdə tutulur. Tramp bununla bağlı federal qurumların America.gov sisteminə inteqrasiyasını nəzərdə tutan fərman da imzalayıb.
