Oman Flydubai köməkçi pilotuna radikal baxışlara görə uçuş qadağası qoyubmuş

Oman Flydubai köməkçi pilotuna radikal baxışlara görə uçuş qadağası qoyubmuş

Könül Məmmədova · Media ·

Flydubai-nin FZ1073 reysində kapitana hücum etməkdə və təyyarəni qəzaya uğratmağa cəhd göstərməkdə ittiham olunan omanlı köməkçi pilotun daha əvvəl ölkəsində uçuşlardan uzaqlaşdırıldığı üzə çıxıb. Oman hakimiyyəti onun radikal ideoloji baxışları ilə bağlı narahatlıqlara görə pilot kimi fəaliyyətinə qadağa qoyubmuş. Buna baxmayaraq, o, daha sonra Flydubai tərəfindən işə qəbul edilib və Dubay-Təl-Əviv daxil olmaqla beynəlxalq reyslərə təyin olunub. Bu barədə The Wall Street Journal məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, həmin şəxs Flydubai-də təxminən səkkiz ay əvvəl işə başlayıb. The Wall Street Journal-ın məlumatına görə, onun Oman tərəfindən uçuşlardan uzaqlaşdırılması radikal ideoloji baxışlarla bağlı olub və bu fakt indi BƏƏ-də aparılan istintaqın əsas istiqamətlərindən birinə çevrilib.

Hadisə zamanı köməkçi pilotun kapitan Smit Maççara kəsici alətlə hücum etdiyi və təyyarənin kəskin şəkildə hündürlük itirməsinə səbəb olduğu bildirilir. Yaralı kapitan kokpit qapısını aça bilib, bundan sonra sərnişinlər və ekipaj üzvləri hücumçunu zərərsizləşdiriblər. Təyyarədə olan ehtiyat pilotlar idarəetməni ələ alaraq onu Səudiyyə Ərəbistanının Tabuk şəhərinə endiriblər.

Hadisə Flydubai-də pilotların işə qəbulu və təhlükəsizlik yoxlamaları ilə bağlı ciddi suallar yaradıb. İsrail rəsmiləri köməkçi pilotun radikal islamçı ideoloji təsir altında olduğunu iddia edir, BƏƏ isə onun motivlərini və mümkün terror əlaqələrini araşdırır.

İstintaqın əsas suallarından biri Oman tərəfindən uçuş qadağası tətbiq edilmiş şəxsin sonradan BƏƏ aviadaşıyıcısında işə necə qəbul edilməsi və İsrailə uçan həssas marşrutlara buraxılmasıdır. Flydubai hadisədən sonra Təl-Əviv reyslərini müvəqqəti dayandırıb.