ABŞ-ın sabiq prezidenti Barak Obama yadplanetlilərlə bağlı iddialara yumorla münasibət bildirib. O qeyd edib ki, Amerika hökuməti böyük sirrləri uzun müddət gizli saxlamaqda o qədər də uğurlu deyil.
Redaksiya Entertainment Weekly və CBS News-a istinadla xəbər verir ki, Obama Stiven Kolberin proqramında ABŞ hökumətinin yadplanetliləri gizlədib-gizlətmədiyi barədə sualı cavablandırıb. Sabiq prezident bildirib ki, əgər Amerika hökumətinin nəzarətində yadplanetli varlıqlar olsaydı, bu məlumat çoxdan sızardı.
Obama zarafatla deyib ki, belə bir obyektin təhlükəsizlik əməkdaşlarından biri mütləq yadplanetli ilə selfi çəkərək onu sosial şəbəkədə paylaşardı. Onun sözlərinə görə, bu səbəbdən hökumətin belə böyük sirri tam gizli saxlaması real görünmür.
Sabiq prezident daha əvvəl də prezidentliyi dövründə yadplanetlilərlə bağlı sübut görmədiyini bildirmişdi. O, kainatda həyatın mövcud olma ehtimalını yüksək saysa da, yadplanetlilərin Yer kürəsi ilə əlaqəyə keçdiyinə dair etibarlı dəlil görmədiyini qeyd edib.
