Almaniyanın Federal Konstitusiyanın Müdafiəsi İdarəsi (BfV) şirkət rəhbərlərini xarici kəşfiyyat xidmətlərinin romantik münasibətlər vasitəsilə məxfi məlumat toplamaq cəhdləri barədə xəbərdar edib. Xəbərdarlıq Nvidia şirkətinin baş direktoru Censen Huanq ətrafında yaranmış casusluq qalmaqalından sonra gündəmə gəlib.
Redaksiya Almaniyanın “Handelsblatt” nəşrinə istinadən xəbər verir ki, BfV noyabrın 9-da xarici kəşfiyyat xidmətlərinin siyasət və biznes sahəsində yüksək vəzifə tutan şəxslərə qarşı “bal tələsi” adlandırılan üsuldan istifadə edə biləcəyini açıqlayıb.
Bu üsulda kəşfiyyat əməkdaşları hədəf seçilmiş şəxslərlə romantik və ya intim münasibətlər quraraq onların etibarını qazanmağa çalışırlar.
BfV-nin izahına görə, belə əməliyyatların məqsədi şəxsi münasibətlər vasitəsilə hədəf şəxs üçün kompromat xarakterli vəziyyət yaratmaqdır.
Qurum bildirib ki, xarici kəşfiyyat xidmətləri əvvəlcə maraqlandıqları şəxsləri sistemli şəkildə araşdırır, daha sonra isə onları təzyiq altında əməkdaşlığa məcbur etməyə və ya bilərəkdən, yaxud bilmədən məlumat ötürməyə yönləndirməyə çalışırlar.
Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi də xarici kəşfiyyat xidmətlərinin yüksək vəzifəli şəxslərə qarşı romantik münasibətlərdən istifadə edə biləcəyini təsdiqləyib.
Bundestaqın kəşfiyyat xidmətlərinə nəzarət komitəsinin sədri Mark Henrixmann Çin kəşfiyyatının Almaniya şirkətlərinin rəhbər şəxsləri ilə məqsədli şəkildə əlaqələr yaratmağa çalışmasını istisna etməyib.
Onun sözlərinə görə, Almaniyanın qabaqcıl texnologiya şirkətləri və elmi tədqiqat müəssisələri xarici kəşfiyyat xidmətləri üçün cəlbedici hədəflərdir.
Xəbərdarlığın verilməsinə Nvidia-nın baş direktoru Censen Huanqla bağlı yayılan məlumatlar səbəb olub.
ABŞ mediasının iddialarına görə, Huanqın münasibətdə olduğu çinli iş qadınının Pekinin kəşfiyyat strukturları ilə əlaqələri ola bilər.
Huanq həyat yoldaşına xəyanət etdiyini etiraf etsə də, qadının kəşfiyyat fəaliyyəti ilə bağlı iddialar hələ sübuta yetirilməyib.
Nvidia-nın Direktorlar Şurası noyabrın 8-də mümkün xarici kəşfiyyat müdaxiləsini araşdırmaq üçün müstəqil təhqiqat başladığını açıqlayıb.
Şirkət hazırda ABŞ-ın milli təhlükəsizliyinə və ya Nvidia-nın kommersiya sirlərinə zərər dəydiyini düşünmək üçün əsas olmadığını bildirib.
Almaniya təhlükəsizlik qurumları isə bu hadisənin yüksək vəzifəli şəxslərin şəxsi münasibətlərindən kəşfiyyat məqsədilə istifadə olunması riskini gündəmə gətirdiyini vurğulayırlar.
