Danimarkanın Baş naziri Mette Frederiksen Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edərək ölkəsinin müharibə başa çatanadək Ukraynanın yanında olacağını bir daha bəyan edib.
Redaksiya məlumat verir ki, Frederiksen Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamasından sonra Danimarka xalqı adından verdiyi vədi xatırladıb.
“Bu dəhşətli müharibə başlayanda Danimarka xalqı adından demişdim ki, müharibənin sonunadək sizin yanınızda olacağıq”, – deyə Baş nazir bildirib.
Frederiksen həmin vədin dəyişmədiyini vurğulayıb.
“Bilmirəm, xatırlayırsınızmı, amma mesajımız hələ də eynidir”, – deyə o, Zelenskiyə müraciət edib.
Danimarka hökuməti Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsini Avropanın təhlükəsizliyi baxımından mühüm hesab edir.
Noyabrın 10-da Zelenski Danimarkaya səfər edərək Şimali Avropa ölkələrinin liderləri ilə Ukraynaya hərbi dəstək, hava hücumundan müdafiə və enerji infrastrukturunun təhlükəsizliyi məsələlərini müzakirə edib.
Danimarka tərəfi həmin gün Ukraynaya əlavə hərbi və enerji yardımı ayırmaq planlarını da açıqlayıb.
Frederiksenin bəyanatı Kopenhagenin Ukraynaya uzunmüddətli dəstək siyasətini davam etdirmək niyyətini ifadə edir.
