Üçrəngli bayrağımız Azərbaycanın müstəqillik və dövlətçilik salnaməsinin müqəddəs rəmzidir!

Üçrəngli bayrağımız Azərbaycanın müstəqillik və dövlətçilik salnaməsinin müqəddəs rəmzidir!

Aytac Dəniz · Siyasət ·

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını və müstəqil dövlətçilik iradəsini özündə birləşdirən ən ali rəmzlərdən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının azadlıq mübarizəsinə, milli birliyinə və suveren dövlətçilik ənənələrinə ehtiramın ifadəsidir.

Üçrəngli bayrağımızın tarixi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə başlayan milli dövlətçilik mərhələsi ilə sıx bağlıdır. Məhz həmin il noyabrın 9-da qəbul edilən üçrəngli bayraq Azərbaycan xalqının müstəqil yaşamaq arzusunun dövlət səviyyəsində təcəssümünə çevrildi. Bu tarixi qərar milli istiqlal ideologiyasının dövlət atributunda əks olunması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri türkçülük, müasirlik və islamçılıq prinsiplərini ifadə etməklə xalqımızın milli-mənəvi dünyasının əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımızın rəsmi dövlət atributu kimi istifadəsi dayandırılsa da, onun milli yaddaşımızdakı yeri qorunub saxlanıldı.

Bu müqəddəs rəmzin yenidən dövlət səviyyəsində ucaldılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi təşəbbüsü həlledici rol oynadı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayrağın qaldırılması milli dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı oldu. Sonradan 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən qəbul edilən qərarla üçrəngli bayrağımız yenidən Dövlət Bayrağı statusu qazandı. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi isə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsinin hüquqi varislik əsasında davam etdirilməsini təsdiqlədi. Bu proseslər göstərdi ki, milli dövlətçilik ənənələrinin qorunması siyasi iradə, tarixi məsuliyyət və xalqın birliyi ilə mümkündür. Müstəqilliyin möhkəmləndirilməsi ilə yanaşı, dövlət rəmzlərinə hörmətin hüquqi və ictimai əsaslarının formalaşdırılması da mühüm vəzifəyə çevrildi. Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsi Dövlət Bayrağının hüquqi statusunu müəyyən edir, 75-ci maddəsi isə hər bir vətəndaşın dövlət rəmzlərinə hörmət etmək borcunu təsbit edir.

Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Muzeyinin fəaliyyətə başlaması bu müqəddəs rəmzin təbliği və dövlətçilik tariximizin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir. 2024-cü ildə meydanın yenidən açılması və burada dünyanın ən böyük bayrağının dalğalanması milli qürurumuzun ifadəsinə çevrildi.

Muzeydə nümayiş etdirilən Zəfər qalereyası isə üçrəngli bayrağımızın yalnız tarixi keçmişimizin deyil, müasir Azərbaycanın qalibiyyət salnaməsinin də rəmzi olduğunu nümayiş etdirir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan Dövlət Bayrağı xalqımızın tarixi ədalətin bərpasına və suverenliyimizin təmin olunmasına nail olduğunu göstərir. Deməli, üçrəngli bayrağımız keçmişdən gələcəyə uzanan dövlətçilik yolumuzun, milli birliyimizin və müstəqil Azərbaycanın əbədi varlığının ən parlaq simvoludur.

Alim Əliyev
Neftçala rayonu