Azərbaycanın müasir dövlətçilik tarixində üçrəngli Dövlət Bayrağının bərpası mühüm siyasi uzaqgörənlik və prinsipial mövqe tələb edən hadisələrdən biri olmuşdur. Bu tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi yer tutur. XX əsrin sonlarında sovet siyasi sisteminin hələ mövcud olduğu mürəkkəb şəraitdə milli dövlətçilik rəmzlərinin gündəmə gətirilməsi böyük siyasi cəsarət nümunəsi idi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilən qərarlar milli istiqlal düşüncəsinin praktiki siyasi addımlarla ifadəsinə çevrildi. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsi milli tariximizdə dönüş nöqtəsi yaratdı. Bu addım həm də Azərbaycan xalqının müstəqil dövlətçilik ənənələrinə sahib çıxmaq iradəsini nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının adından sovet sosialist ideologiyasını ifadə edən sözlərin çıxarılması və milli dövlət atributlarının qəbul edilməsi mühüm siyasi məna daşıyırdı. Bu qərarlar milli dövlətçilik düşüncəsinin inzibati-siyasi səviyyədə möhkəmləndirilməsinə xidmət edirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçrəngli bayrağın bütün Azərbaycan üçün dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırması prosesi daha geniş siyasi müstəviyə çıxardı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Sovetinin müvafiq qərarı ilə üçrəngli bayrağımız yenidən dövlət atributu statusu qazandı. Həmin ilin oktyabrında dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi isə bu tarixi varisliyin hüquqi əsaslarını möhkəmləndirdi. Beləliklə, Dahi şəxsiyyətin Naxçıvanda həyata keçirdiyi təşəbbüs milli dövlətçiliyin bərpası prosesinə əhəmiyyətli töhfə verdi. Ümummilli Liderin dövlətçilik fəlsəfəsində milli rəmzlərə münasibət xüsusi yer tuturdu.
Onun fikirlərində bayraq müstəqilliyin, milli ləyaqətin və xalqın vahid məqsəd ətrafında birləşməsinin əsas simvolu kimi təqdim edilirdi. Heydər Əliyevin dövlət bayrağının hər bir ailədə vətəndaşlıq qürurunun bir hissəsinə çevrilməsi barədə çağırışı bu rəmzin ictimai mahiyyətini aydın şəkildə göstərirdi. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağının ölkəmizin bütün ərazilərində ucaldılması isə həmin siyasi irsin müasir mərhələdə davam etdirilməsinin təcəssümüdür. Xüsusilə Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə bayrağımızın qaldırılması milli dövlətçilik tariximizin yeni səhifəsini açdı.
Dövlət Bayrağı Meydanında yaradılmış Zəfər qalereyası da bu tarixi hadisələrin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Nəticə etibarilə, üçrəngli bayrağımızın bərpası Heydər Əliyevin siyasi irsinin, milli istiqlal ideyasının və müasir Azərbaycanın suveren inkişaf strategiyasının bir-birini tamamlayan istiqamətlər olduğunu təsdiqləyir.
Nəzakət Quluqızı
Neftçala rayonu
