Netanyahu 7 oktyabrdan əvvəl Misirdən xəbərdarlıq alıb

Netanyahu 7 oktyabrdan əvvəl Misirdən xəbərdarlıq alıb

Nizami Salmanov · Media ·

Misirin o zamankı kəşfiyyat rəhbəri Abbas Kamilin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan bir neçə gün əvvəl Baş nazir Benyamin Netanyahuya şəxsən zəng etdiyi və Qəzza zolağından mümkün hücum barədə xəbərdarlıq etdiyi bildirilir. Məlumata görə, bu, Misirin İsrailə çatdırdığı üçüncü xəbərdarlıq olub. Bu barədə The Wall Street Journal məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Misir tərəfi ilk dəfə 2023-cü ilin iyununda Qəzzadakı vəziyyətin təhlükəli həddə çatdığı barədə İsrailə xəbərdarlıq edib. Sentyabrda isə Abbas Kamil İsrailə səfər edərək vəziyyətin nəzarətdən çıxa biləcəyini bildirib. Bundan sonra, hücumdan bir neçə gün əvvəl Netanyahuya telefon zənginin edildiyi qeyd olunur.

Mənbələrin sözlərinə görə, Misir İsrail hakimiyyətini hücumdan təxminən 48 saat əvvələ qədər xəbərdar etməyə davam edib. Bununla belə, həmin xəbərdarlıqlarda mümkün hücumun dəqiq vaxtı, hədəfləri və miqyası barədə konkret məlumat verilməyib.

Netanyahu bundan əvvəl hücum ərəfəsində Abbas Kamillə belə bir danışıq apardığını və Misirdən konkret xəbərdarlıq aldığını təkzib edib. The Wall Street Journal-ın məlumatına görə, Netanyahu ofisi, eləcə də Misir və Birləşmiş Ərəb Əmirliklərinin xarici siyasət qurumları nəşrin şərh sorğusuna cavab verməyiblər.