ABŞ rəsmiləri Vaşinqtonun Çinə silah satmaq planının olmadığını bildiriblər. Açıqlama ABŞ-ın Pekindəki səfiri Devid Perdyunun Prezident Donald Trampın Çin lideri Si Tsinpinə Amerika silahları almaq istəyib-istəmədiyini soruşduğu barədə sözlərindən sonra verilib. Bu barədə The Wall Street Journal məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, ABŞ administrasiyası Çinə silah satışının mövcud qanunvericiliklə qadağan edildiyini və Pekinə bu istiqamətdə heç bir rəsmi təklif təqdim edilmədiyini bildirib. Dövlət Departamenti də Çinə silah satmaq üçün hər hansı planın olmadığını vurğulayıb.
Perdyu Fox News-a açıqlamasında Trampın Si Tsinpinlə söhbət zamanı ABŞ-ın dünyanın müxtəlif ölkələrinə silah satdığını xatırladaraq Çin liderindən onun da Amerika silahları almaq istəyib-istəmədiyini soruşduğunu demişdi. Sonradan ABŞ rəsmiləri bu ifadənin real satış təşəbbüsü kimi qiymətləndirilməməli olduğunu bildiriblər.
Vaşinqton uzun illərdir Çinə hərbi texnika və silah satışına ciddi məhdudiyyətlər tətbiq edir. Eyni zamanda ABŞ Tayvanın özünümüdafiə imkanlarını dəstəkləmək məqsədilə adaya silah satışını davam etdirir ki, bu da Pekinin etirazına səbəb olur.
