Britaniya əfqan qadınlar və fələstinlilər üçün proqramı bərpa edir

Britaniya əfqan qadınlar və fələstinlilər üçün proqramı bərpa edir

Aytac Dəniz · Media ·

Böyük Britaniya hökuməti həssas qaçqınların ölkəyə qanuni şəkildə köçürülməsini nəzərdə tutan UK Resettlement Scheme proqramını yenidən işə salmağa hazırlaşır. Proqramda əfqan qadın və qızlara, eləcə də fələstinli qaçqınlara üstünlük veriləcək. Bu barədə The Guardian məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, proqram faktiki olaraq təxminən iki il ərzində yeni müraciətlər qəbul etmirdi və 2024-cü ilin dekabrından yeni yönləndirmələr dayandırılmışdı. Daxili işlər naziri Şabana Mahmud proqramın dərhal yenidən açılacağını və ən həssas kateqoriyalara üstünlük veriləcəyini açıqlamağa hazırlaşır.

Hökumətin hesablamalarına görə, proqram üzrə gələnlərin təxminən dörddə birini əfqan qadın və qızlar, eləcə də fələstinli qaçqınlar təşkil edə bilər. Namizədlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Qaçqınlara Yardım Layihəsi tərəfindən müəyyən ediləcək, təhlükəsizlik və cinayət keçmişi yoxlamalarından keçiriləcəklər.

Bu proqramla Britaniyaya gələn qaçqınlara daimi yaşayış statusuna daha sürətli çıxış veriləcək. Onlar müddətsiz yaşayış icazəsi əldə etdikdən sonra beşillik müddət əsasında daimi status və sonrakı mərhələdə vətəndaşlıq üçün müraciət imkanına sahib ola biləcəklər.

İlkin mərhələdə proqramın yüzlərlə nəfəri əhatə etməsi, sonradan isə illik kvotanın bir neçə min nəfərə qədər artırılması nəzərdə tutulur. Proqramın ötən il məhz ictimaiyyətin miqrasiyaya mənfi reaksiyasına görə rəsmi şəkildə dayandırıldığı barədə məlumat isə dəqiq deyil. Sxem formal olaraq bağlanmamış, lakin yeni qaçqınların qəbuluna yönləndirmələr faktiki olaraq dondurulmuşdu.