Moskva: “Danışıqların başlanmasına imkan verilmir, nümayəndələr gözləyir”

Moskva: “Danışıqların başlanmasına imkan verilmir, nümayəndələr gözləyir”

Sevinc Kərimova · Siyasət ·

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin İstanbul danışıqlarına qatılmayacağı açıqlanandan sonra prezident Ərdoğanla görüşünü bitirdikdən sonra axşamüstü Türkiyəni tərk edib. Zelenskinin sabah Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa Siyasi Topluluğu Zirvəsinə qatılacağı təsdiqlənib. Zirvədə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

ABŞ Prezidenti Donald Tramp isə Yaxın Şərq səfərinin başa çatdığını bildirib: “Yaxın Şərqdə işim bitdi. Növbəti istiqamət ya Vaşinqtondur, ya da hələlik naməlumdur.” Bu açıqlama onun Türkiyəyə səfər ehtimalını açıq saxlayır.

Eyni zamanda, Rusiyanın TASS agentliyi bu gün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında heç bir birbaşa görüşün keçirilməyəcəyini bildirib. Rus heyətinin hazırda Dolmabaxça sarayında Türkiyənin Xarici İşlər naziri Hakan Fidanla görüşməsi davam edir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə danışıqların ləngiməsinə görə Ukrayna tərəfini sərt şəkildə tənqid edib. O, açıqlamasında deyib: “Rus nümayəndə heyəti 24 saatdır İstanbulda bir ‘kloun’un danışmağa doymasını, halüsinojenlərin təsirindən çıxmasını və üç ildir danışıqlara qadağa qoyduğu şəxslərin iştirakına icazə verməsini gözləyir.

ABŞ Dövlət katibi Marko Rubio isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin atəşkəs danışıqlarına birbaşa qatılmayınca real nəticə gözləməyə dəyməz.

İstanbulda proses nümayəndə heyətləri və vasitəçi diplomatik kontaktlar çərçivəsində davam edir. Lakin qarşılıqlı ittihamlar, liderlərin kənarda qalması və real irəliləyişin olmaması danışıqların taleyini sual altında qoyur.

Sevinc Kərimova